Gürcüstan üçün vacib mövzuların gündəmə gətirilməsi baxımından Antalya Diplomatiya Forumu mühüm platformadır. Burada bir çox liderlər təmsil olunur və əhəmiyyətli məsələlər müzakirə edilir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili Antalyada keçirilən Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O, bəzi Avropa ölkələrinin və avropalı siyasətçilərin Gürcüstana qarşı son vaxtlar nümayiş etdirdikləri yanaşmalara da toxunub.
“Əlbəttə, bizim üçün bu forumda iştirak çox maraqlıdır. Gürcüstan üçün vacib olan məsələlərin səsləndirilməsi və bizim prioritetlərimizlə bağlı çağırışların müzakirəsi üçün hər imkandan istifadə edirik. Bu prioritetlər sırasında, şübhəsiz, Avropa İttifaqına inteqrasiya, Aİ-yə üzv ölkələrlə münasibətlər və son dövrlərdə bəzi üzv dövlətlərin, siyasətçilərin, Brüsseldəki bürokratların yanaşmaları da yer alır. Bu məsələlər də tez-tez müzakirə olunur, çünki Gürcüstan doğrudan da elə bir dövlətdir ki, ona hörmət edilməlidir, gürcü xalqının seçiminə hörmət olunmalıdır”, – deyə M.Boçorişvili qeyd edib.