Ukraynada Prezident Volodimir Zelenskinin təklifi ilə yeni yaradılan və strateji əhəmiyyətli dövlət sahələrini əhatə edən Strateji Sənayelər Nazirliyində nazir müavini postuna bu günlərdə azərbaycanlı gənc, 34 yaşlı Teymur Tkaçenko (Məmmədov) təyin olunub. Onun kurasiya edəcəyi sahə strateji və önəmlidir, sığınacaqların təşkili ilə bağlıdır. Ötən il bu sahədə ciddi nöqsanlar və problemlər aşkarlanıb. Teymur Məmmədov Ukraynada Azərbaycan diasporunun işlərində fəal iştirak edib. O, Ukrayna rəhbərliyi tərəfindən bir neçə dəfə təltif olunan, ilk prezident Leonid Kravçukun şəxsi dostu mərhum Firudin Məmmədovun oğludur.
“Report”un Şərqi Avropa bürosu azərbaycanlı nazir müavinin evində olub, ailəsi və özü ilə söhbətləşib. Azərbaycanlı nazir müavini bu ölkədə keçdiyi karyera yolundan da bəhs edib:
“Mən azərbaycanlıyam, Kiyevdə anadan olmuşam. Atam bu yaxınlarda vəfat edib. O, həyatını Ukrayna-Azərbaycan münasibətlərinə həsr edib. Ukraynada Azərbaycan həqiqətlərini yaymağa çalışıb. Atam Firudin Məmmədovun oğlu olmaqla fəxr edirəm. O Ukraynada azərbaycanlıların diasporasının qurulmasında bütün mümkün işləri görüb. Bütün vaxtını azərbaycanlılarla, diasporla işləməyə həsr edib".
Əmək fəaliyyətinə 2012-ci ildə Kiyevin şəhərinin rayonlarından birində kiçik bir kommunal müəssisədə işləməklə başladığını deyən Məmmədov qeyd edib ki, həmişə atası kimi dövlət sektorunda işləmək istəyib:
"Çünki onun ünsiyyət tərzi çox xoşuma gəlirdi. İnsanların problemlərini necə həll etdiyini izləməyi xoşlayırdım və mənə elə gəlirdi ki, mən də bunu bacararam. Bu, mənim üçün bu istiqamətdə irəliləməyə imkan verən yaxşı bir təcrübə idi. Daha sonra bir müddət Ukraynada ixrac və yerli istehsalla bağlı müxtəlif məsələlərlə məşğul olmuşam. 2013-cü ildə İqtisadiyyat Nazirliyində tenderlər üzrə sahədə işimi davam etdirdim. Bu müəssisədə Ukraynada 2014-cü il inqilabına qədər işləmişəm. Sonra bu müəssisəni tərk etdim. Bu sahədə işləmək istəmədim. Məni 2012-ci ildə köməkçisi olduğum deputat yanına dəvət etdi. Siyasi sahədə də çalışdım. Vitali Kliçkonun partiyası ilə müəyyən əlaqəm oldu. Onunla bir komanda da işləmişəm. Ali Radanın deputatı, vaxtilə strateji sənaye naziri vəzifəsində çalışmış Pavel Ryabikinin köməkçisi-məsləhətçisi vəzifəsində işləmişəm. Hazırda o Ukraynanın Çindəki səfiri vəzifəsində çalışır. 2014-cü ildə məni dövlət administrasiyasına dəvət etdilər. Kiyevdə rayonların birini rəhbəri, deputat kimi çalışdım. Volodimir Zelenski prezident olduqdan sonra mən vəzifəmi dəyişdim. Nazirlər Kabinetinin Şəhərsalma Departamentində şöbə müdiri vəzifəsinə qədər yüksəldim. Daha sonra Kiyev şəhər administrasiyasının Şəhərsalma Departamentinin direktoru vəzifəsinə keçdim. Hazırda isə yeni yaradılan Strateji Sənayelər Nazirliyində nazir müaviniyəm. Müharibə şəraitində sığınacaqlar ilə bağlı sahə mənə həvalə olunub. İyun ayındakı faciə bu sahədə ciddi problemləri üzə çıxardı. Belə ki, hava hücumları zamanı insanlar sığınacaqlara girə bilmədilər. Onların çoxu istifadəsiz halda qalmışdılar. Ölkədə sığınacaq problemi strateji məsələyə çevrilib. Vilayət orqanlarında təcrübəm olduğu üçün bu vəzifəyə dəvət olundum. Burada insanlarla kommunikasiya və əlaqələr qurmaq, işlərin gedişatını izləmək çox vacibdir. Bizim əsas vəzifəmiz ölkə boyu sığınacaqların hazırlanmasıdır. Prezidentin hazırda qarşıya qoyduğu vəzifə bütün insanlar üçün 100 faizlik sığınacaqların hazırlanmasıdır".
Nazir müavini Ukraynaya göstərdiyi dəstəyə, tutduğu mövqeyə görə Azərbaycana minnətdarlığını bildirib:
"Mən bilirəm ki, bu gün bizə çoxlu yardımlar edilir. Bu müharibənin mümkün qədər tez və Ukraynanın qələbəsi ilə başa çatacağına ümid edirəm. Çox təəssüf ki, ata vətənim Azərbaycanda cəmi bir neçə dəfə olmuşam. Ora çox xoşuma gəldi. Atam Şəmkir rayonundandır. Lakin mən orada hələ olmamışam. Orada olmağı çox istərdim. 2022-ci ildə getmək istədim, müharibə başladığından arzum reallaşmadı. Atam Azərbaycandan tez-tez bəhs edir, oranın təbiətinin gözəl olduğundan danışardı. Azərbaycan mətbəxi çox xoşuma gəlir. Əlbəttə ki, Azərbaycana daha çox səyahət etmək istəyirəm. Mənim azərbaycanlı dostlarım var. Ukraynalılarla azərbaycanlılar dostdurlar. Ümid edirəm ki, daha çox azərbaycanlı Ukraynanın dövlət işlərində iştirak edəcək”, - deyə T.Məmmədov bildirib.
Azərbaycanlı nazir müavinin xanımı: "O, bir ər kimi qısqancdır"
Qeyd edək ki, ailəli olan Teymur Tkaçenko (Məmmədov)un bir qız övladı var. Onun həyat yoldaşı Anna Məmmədova da Azərbaycanı və azərbaycanlıların fəaliyyətini yaxından izlədiyini deyir:
“Teymurla universitet illərində tanış olduq. Teymur bütün həyatı boyu qətiyyətli addımlar atıb. Onun bu xüsusiyyətini çox sevirəm. Bizim münasibətlərimiz birdən yarandı. Mən ukraynalı, Teymur isə başqa millətdən olduğu üçün əvvəl mənə bir az çətin idi. O, bir ər kimi qısqancdır. Bir sözlə, Şərq xarakterinə mənsub olan kişidir. İlk vaxtlar bu, mənim üçün yeni bir şey idi. Sonra öyrəşdim. Doğrudur, bununla bağlı hər hansı problemimiz yox idi. Onun atası Firudin Məmmədov qonaqpərvər, çoxlu dostları olan insan idi. Onun bu xüsusiyyətləri Teymura da keçib. Fikrimcə, Azərbaycanın ənənələrindən biri çox sayda insanları bir yerə toplamaq, qonaqpərvərlikdir. Teymur yaşadığı mühitə də uyğun formalaşıb. O, bu xüsusiyyətləri özündə daşıyır. Əlbəttə ki, bununla da fəxr edirəm".
Onun sözlərinə görə, Teymurun atası Furudin Məmmədov Azərbaycan haqqında çox danışardı:
"Bizə Azərbaycanın təbiətindən, bu ölkənin gözəl yerlərindən bəhs edərdi. Ukraynadan Azərbaycan üçün darıxdığını deyirdi. Firudin dayı, tək Azərbaycan mətbəxi barədə danışmırdı, həm də milli yeməklərinizi özü hazırlayırdı. Məsələn, plovu nümunə göstərmək olar. Bizim toyumuzda o, bunu sürpriz etdi və yüz nəfərlik qonağı üçün Azərbaycan plovu hazırladı. Bizim bir qızımız var. Onun adı Alisadır, 5 yaşı var. Xarici görüşünə, həm də xarakterinə görə atasına daha çox oxşayır. Teymurla qürur duyuram. Onun necə zəhmət çəkdiyini görürəm. Qazandığı nailiyyətlər yalnız onun əməyinin nəticəsidir. Əlbəttə ki, çətindir, çünki hazırkı ölkədə vəziyyətə görə evə gec gəlir. Amma mənim üçün bu dəqiqələr də çox qiymətlidir”.
"10-dan çox azərbaycanlı ölkənin müxtəlif bölgələrində yerli seçkili orqanlara seçilib"
Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev “Report”a açıqlamasında deyir ki, son illər ölkədə etnik xalqların, o cümlədən azərbaycanlıların administrativ və seçkili orqanlarda fəallığı artıb. O, son illər 10-dan çox azərbaycanlının ölkənin müxtəlif bölgələrində yerli seçkili orqanlara seçildiyini bildirir: “Ukrayna çoxmillətli dövlətdir. Bəziləri iddia edirdilər ki, Ukraynada millətçilik geniş yayılıb. Amma bu, doğru deyil. Ukrayna Prezidenti Volodimir Zelenski yəhudi, müdafiə naziri Rüstəm Umerov isə Krım tatarıdır. Digər etnik xalqların nümayəndələri Ukraynanın ictimai-siyasi həyatında fəal şəkildə iştirak edə bilər. Ukraynada etnik azərbaycanlılar da müxtəlif vəzifələrdə çalışırlar. Buraya Energetika Nazirliyi, Strateji Sənaye Nazirliyi və s. daxildir. Yeri gəlmişkən, bu yaxınlarda Teymur Məmmədovun nazir müavini təyin olunması buradakı azərbaycanlıları üçün stimul oldu. O, uzun illərdir ki, qarşısına qoyulan vəzifələri uğurla həyata keçirir. Teymur bizim ölkəmiz üçün lazım olan layihələri həyata keçirir. Xüsusilə də müharibə dövründə. Bu nümunə Ukraynanın çoxmillətli, multikultural dövlət olduğunu bir daha təsdiqləyir”.
Qeyd edək ki, Teymur Məmmədov müharibə dövründə Ukrayna hökumətində yüksək posta təyin edilən ilk azərbaycanlıdır.