Azərbaycan və Gürcüstan arasında elm sahəsində mövcud olan əlaqələr daha da gücləndiriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Elmlər Akademiyasında (GMEA) Azərbaycan-Gürcüstan münasibətləri mövzusunda keçirilən konfransda bildirilib.
GMEA-nın vitse-prezidenti, akademik Roin Metrevelinin sözlərinə görə, Gürcüstan və Azərbaycanın elmi dairələri arasında hər zaman sıx əməkdaşlıq olub. “Ümid edirəm ki, pandemiyadan sonra qarşılıqlı əlaqələr yenidən intensiv hal alacaq. Akademiya birgə elmi konfransların mütəmadi olaraq təşkilinə hazırdır”.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev öz növbəsində bildirib ki, iki ölkə arasında elmi əməkdaşlığın gücləndirilməsi üçün bu cür konfranslar sistematik keçirilməlidir: “İnanıram ki, bugünkü görüş əməkdaşlığa pozitiv dinamika gətirəcək və işgüzar formatda davam etdiriləcək”.
GMEA-nın üzvü Ramaz Xurodze çıxışında bildirib ki, bu yaxınlarda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlıdan Bakıya səfərlə bağlı dəvət alıb: “Hamlet İsaxanlı yaxın dostumuzdur və ümid edirəm ki, Bakıda keçirilməsi nəzərdə tutulan görüşlər elmi dairələr arasında əlaqələrin güclənməsinə töhfə verəcək”.