Azərbaycan Ordusunun hərbi həkimi: "Türkiyədə dağıntılar altında qalmış şəxslərin təxliyəsi üçün bizim həkimlərdən də ayrılır"

Azərbaycan Ordusunun hərbi həkimi: "Türkiyədə dağıntılar altında qalmış şəxslərin təxliyəsi üçün bizim həkimlərdən də ayrılır" Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ zamanı dağıntılar altında qalmış şəxslərin təxliyəsi üçün bizim həkimlərdən də ayrılır.
Region
8 Fevral , 2023 20:59
Azərbaycan Ordusunun hərbi həkimi: Türkiyədə dağıntılar altında qalmış şəxslərin təxliyəsi üçün bizim həkimlərdən də ayrılır

Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ zamanı dağıntılar altında qalmış şəxslərin təxliyəsi üçün bizim həkimlərdən də ayrılır.

Bunu "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına Azərbaycanın Müdafiə Nazirliyinin hərbi həkimi Niyaməddin Ağamalıyev deyib.

O bildirib ki, hazırda Azərbaycan Ordusunun hərbi tibb personalı Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyətini hərbi səhra çadırlarında davam etdirir:

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun hərbi tibb personalı fevralın 7-də qardaş ölkə Türkiyəyə gəldi və Kahramanmaraş şəhərinə yönləndirildik. Burada fəaliyyətimizə Türkiyənin Baş Qərargahlığı tərəfindən cərrahiyyə üçün salınmış hərbi səhra çadırlarında başladıq. On nəfər həkim, səkkiz nəfər tibb bacısı və iki nəfər feldşerdən ibarət olan qrupmuzda ümumilikdə 20 hərbi tibb personalı fəaliyyət göstərir. Qrupumuzda hər cür mütəxəssislər - ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər var".

"İşimizin əsas hissəsi xəstələrin qəbulu, tibbi müayinəsi, yardımın göstərilməsi və digər müalicə yerləri üçün xəstələrin hazırlanması, eyni zamanda, onların təxliyəsində iştirak etməkdir. Dağıntılar altında qalmış şəxslərin təxliyəsi üçün bizim həkimlərdən də ayrılır. Bir sözlə, fəaliyyətimizi bir istiqamətdə davam etdiririk. Burada heç bir sıxıntı yoxdur. Bununla qürur duyuruq. Sona qədər də Türkiyədə fəaliyyətimizi davam etdirib, yanlarında olacağıq. Türkiyənin acısı bizim acımızdır", - hərbi həkim vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar nəticəsində 9 057 nəfər ölüb, 52 979 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Son xəbərlər

Orphus sistemi