“Ukrayna taxılının anbarlarda çürüməsinə yol vermək olmaz”.
“Report”un xəbərinə görə, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
O, eyni zamanda Rusiyanı şantaj cəhdində və taxıldan silah kimi istifadə etməkdə günahlandırıb.
Nazir söyləyib ki, Almaniya dəmir yolu ilə taxıl daşınması işini gücləndirmək üçün tərəfdaşlarla işləyir.
"Yüz minlərlə insan təcili olaraq Ukraynadan taxıl ixracına ehtiyac duyur, ona görə də biz bütün beynəlxalq tərəfdaşlarımızla Ukraynada taxılın çürüməməsinə çalışırıq", - XİN başçısı bildirib.
A.Berbok “Taxıl sazişi”nin ləğvi nəticəsində Ukraynada 32 milyon ton məhsulun bloklandığını vurğulayıb.
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.
Rusiya iyulun 17-də "Taxıl sazişi"nin müddətinin başa çatmasını əsas götürərək, sənədin vaxtını uzatmayıb.