“Ukrayna 2014-cü ildən bəri yeni anti-korrupsiya infrastrukturunun qurulması üzrə çox çətin yol keçib. Korrupsiyanın qarşısının alınması üzrə Milli Agentlik və məmurların görünməmiş dərəcədə açıq və hesabatlı elektron bəyannamə sistemi yaradılıb. Keçmiş prezidentlərdən tutmuş yerli özünüidarəetmə orqanlarının rəhbərlərinə qədər yüksək vəzifəli məmurların korrupsiyasını araşdıran xüsusi hüquq-mühafizə orqanı - Ukrayna Milli Anti-korrupsiyaya Bürosu (UMAB) formalaşdırılıb. Prokurorluq daxilində isə İxtisaslaşdırılmış Anti-korrupsiyaya Prokurorluğu yaradılıb və bu struktur Ali Anti-korrupsiyaya Məhkəməsində UMAB-nin məhkəmə işlərinin təqdim olunmasıyla məşğul olur”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) Anti-korupsiya siyasəti məsələləri üzrə komitə sədrinin 1-ci müavini, xalq deputatı Yaroslav Yurçişin bildirib.
O qeyd edib ki, məhkəmə də həqiqi qərarlar qəbul edərək hakimləri, prokurorları və korrupsioner məmurları dəmir barmaqlıqlar arxasına göndərir:
“Ancaq bu, kifayət deyil. Çünki hər bir nazir nazirliyin postsovet strukturunu miras aldıqdan sonra yeni qaydalar tətbiq edərək və yeni kadrlar cəlb etməklə onu yenidən formalaşdırmalıdır. Xüsusən əgər bu, hüquq-mühafizə orqanları kimi spesifik sahədirsə... Təəssüf ki, sabiq daxili işlər naziri Arsen Avakov bu istiqamətdə uğurlu olmadı. Düzdür, o, əvvəlcə ictimai təzyiq ilə sovetlərdən qalma Dövlət Avtomobil Müfəttişliyində islahatlar apararaq onun yerində Patrul Polisi yaratdı. Eyni zamanda, Milli Qvardiyanı dirçəltməklə Ukraynanın hərbi gücünü artırdı. Ancaq məhz onun dövründə 2014-cü ilə qədər olan dövrdəki korrupsiya hidrasında iştirak edən Yanukoviç dövrünün məmurları saxtalaşdırılaraq, yenidən attestasiyadan keçmə prosedurundan yayınaraq polis sıralarında vəzifələrə qayıtdılar. O, polis tərəfindən gücdən və səlahiyyətdən sui-istifadə ilə əlaqədar istintaqın qarşısını aldı. Buna görə də Avakov korrupsiyaya qarşı mübarizədə daha çox retroqrad (keçmişə qayıdan – red.) oldu. Bu isə sözügedən mənfi fenomenə qarşı effektiv mübarizəyə mane olurdu”, - deyə, o əlavə edib.
Qeyd edək ki, 2014-cü ildən Ukrayna daxili işlər naziri postunu tutan Arsen Avakov istefa verib. Ölkə fəalları onu islahatlara mane olmaqda tənqid edirlər.