Avropa İttifaqı (Aİ) 2025-ci ildə Azərbaycan və Ermənistana uzunmüddətli sülhə nail olmaqda əlavə dəstək göstərməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə baş nümayəndəsi Anita Hipper Ermənistan KİV-inə müsahibəsində bildirib.
O qeyd edib ki, Aİ hər iki tərəflə fəal qarşılıqlı əlaqələri davam etdirir, o cümlədən normallaşma prosesi və 2024-cü ildə ikitərəfli əməkdaşlıq sahəsində müsbət hadisələr üzrə məsləhətləşmələr aparır.
"Tərəfləri dialoqu davam etdirməyə və onların müvafiq problemlərini həll etməyə imkan verəcək qarşılıqlı məqbul həllər tapmağa çağırırıq. Bu müraciəti son vaxtlar Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakı və İrəvana səfərləri zamanı iki ölkənin rəhbərliyi ilə görüşlərdə təkrarlayıb. Eyni müraciət Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta tərəfindən yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı təsdiqlənib", - A.Hipper bildirib.
Onun sözlərinə görə, Aİ Bakı və İrəvan arasında dayanıqlı sülhün qurulmasına yönəlmiş bütün səyləri alqışlayır.
O əlavə edib ki, Brüssel tərəflər arasında danışıqlarda əldə edilmiş müsbət irəliləyişi yüksək qiymətləndirir. A.Hipper ümid edir ki, 2025-ci il regionun bütün əhalisi üçün daha çox müsbət nəticələr gətirəcək: "Aİ hər iki tərəfə əlavə dəstək göstərməyə hazırdır".