Bakı. 4 dekabr. REPORT.AZ/ ABŞ-ın Sankt-Peterburq, Yekaterinburq və Vladivostok şəhərlərindəki konsulluqları dekabrın 11-dən qeyri-immiqrasiyaya dair viza verilişini bərpa edəcək.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Moskvadakı səfirliyinin saytı yayıb.
Konsulluq bildirib ki, diplomatik nümayəndəlikdəki əməkdaşların sayı ixtisar edildiyindən viza verilməsini bütövlükdə bərpa edə bilmirlər.
Qeyd edək ki, ABŞ səfirliyi sentyabrın 1-dən Rusiyada qeyri-immiqrasiya vizalarının verilməsini dayandırıb. Bu il sentyabrın 1-dən etibarən turist, iş vizalarının verilməsi yalnız Moskvada həyata keçirilib.
Xatırladaq ki, cari il iyulun 30-da Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyadakı diplomatlarının sayının 755 nəfər azalacağını və Rusiyanın ABŞ-dakı diplomatlarının sayı qədər - 455 nəfər saxlanılacağını bildirib. Bu tədbirlər ABŞ-ın Rusiya əleyhinə sanksiyalar qəbul etməsi və 2017-ci ilin əvvəlində rusiyalı diplomatların ölkədən çıxarılmasına cavab olub.