Ermənistan silahlı bölmələrinin Azərbaycanın Zəngilan rayonunu işğal etməsindən 26 il ötür.
"Report" xatırladır ki, 1993-cü il oktyabrın 28-dən 29-na keçən gecə işğalçı ermənilər Zəngilan rayonunu zəbt edib.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar. Oktyabrın 25-dən etibarən 4 gün ərzində Zəngilan rayonunun əhalisi vuruşaraq 235 nəfər şəhid və itkin verib. Amma erməni tankları dörd tərəfdən rayona hücuma keçiblər və zəngilanlılar silahlı birləşmələrin qarşısını ala bilməyiblər.
Ermənilərin Zəngilanda ikinci Xocalı faciəsini törətmək istəyi alınmayıb. Sakinlər cəld tərpənərək özlərini Araz çayına atmaqla İran ərazisinə keçiblər və bununla da gözlənilən növbəti soyqırımından xilas olublar.
Ərazisi 707 kvadrat kilometr olan Zəngilan rayonu işğal olunanda əhalisi 35,6 min nəfər olub. Hazırda Zəngilanın 44413 nəfər əhalisi var.
Zəngilan rayonu eyni adlı şəhərdən, Mincivan qəsəbəsindən və 83 kənddən ibarətdir. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min cild kitab saxlanılan 70 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı-üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.
İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.