İyun 30-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video konfrans formatında görüşü baş tutub.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bir saat davam edən video konfransda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.
Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırıb.
Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd ediblər. E.Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğulayıb.
Tərəflər qarşıdan gələn ay ərzində Minsk qrupunun həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti video konfrans formatında görüşünün təşkilinə razılaşıblar. Həmçinin həmsədrlər nazirlərin birbaşa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd ediblər.
*** 16:46
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında videokonfrans formatında görüş başlayıb.
“Report” xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edirlər.
***10:41
Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında videokonfrans formatında növbəti görüş keçiriləcək.
“Report” xəbər verir ki, dünən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə videokonfrans formatında görüş keçirib.
Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında baş tutmuş öncəki görüşü ATƏT-in Minsk qrupunun iştirakı ilə aprelin 21-də keçirilib.