“Qarabağda qarışıq hisslər keçirdik”.
Bunu “Report”a açıqlamasında Türkiyənin İstanbul şəhərindən gələn beynəlxalq səyahətçilər qrupunun üzvü Yunus Özcan deyib.
“Bakı dərin təəssürat yaradıb. Azərbaycanın paytaxtı gözəl və təmiz şəhərdir. Amma Qarabağa səfər zamanı həyəcanlandıq, qarışıq hisslər keçirdik. Bizi xüsusilə buradakı mina sahələri, işğal illərindən qalan ölümcül “hədiyyələr” sarsıdıb”, - o vurğulayıb.
Onun sözlərinə görə, bu illər ərzində burada nə baş verdiyini, azərbaycanlıların burada hansı əzablara məruz qaldığını görmək çox çətin idi:
“Amma sevindirici məqamlar da var. Biz azad edilmiş torpaqlarda bərpa və tikinti işlərinin sürətlə həyata keçirilməsinin şahidi olduq”.
O, xüsusilə Talış kəndində gördüklərindən danışıb:
“Burada artıq bir çox tikili inşa edilib, çox yaxşı işlər görülüb”.
Türkiyəli səyyah azad edilmiş torpaqlarda quruculuq işlərinin davam etdiyini bildirib.
Xatırladaq ki, beynəlxalq səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcəklər.
Səfər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatı tərəfindən təşkil olunub.