“Qarabağ regionunun işğal illərində Ermənistanın yerləşdirdiyi minalardan təmizlənməsində beynəlxalq ictimaiyyət Azərbaycana dəstək verməlidir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyədən olan səyyah Tufan Sevinçal bildirib.
O qeyd edib ki, Türkiyə xalqı Qarabağın 30 illik işğalı dövründə qardaş Azərbaycanın acısını bölüşüb: “Azərbaycan Ordusu qəhrəmanlıq göstərərək tarixi torpaqları işğaldan azad edəndə biz də azərbaycanlı qardaşlarımızın sevincinə şərik olduq”.
Onun sözlərinə görə, indi prioritet məsələlərdən biri Qarabağ regionunun işğal zamanı Ermənistanın yerləşdirdiyi minalardan təmizlənməsidir: “Azərbaycan hökumətinin bu məsələdə böyük beynəlxalq dəstəyə ehtiyacı var. Böyük miqyasda olan minalanmış ərazilər insanlar üçün ciddi təhlükə yaradır. Azərbaycan bu məsələni beynəlxalq platformalarda qaldırmalıdır. Bu məsələdə beynəlxalq dəstək böyük əhəmiyyət kəsb edir, çünki əks halda əraziləri minalardan təmizləmək çox vaxt aparacaq. Bundan başqa, bu, ermənilər tərəfindən dağıdılmış infrastrukturun bərpası prosesinə mənfi təsir göstərəcək”.