Regionda daha yaxşı geosiyasi mövqe qazanmaq və Birləşmiş Ştatlarla Azərbaycan arasında ikitərəfli əməkdaşlığı möhkəmləndirmək üçün ABŞ Dövlət katibi Entoni Blinken siyasi kursu dəyişməli və nə qədər ki, gec deyil, Cənubi Qafqazı qısa prioritetlər siyahısına daxil etməlidir.
Bu fikirləri “Report”a ABŞ-lı politoloq, Beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.
Politoloqun sözlərinə görə, dövlət katibi ilə Fransa XİN rəhbəri arasında bu yaxınlarda baş tutmuş görüşdə Cənubi Qafqazın müzakirə olunmaması narahatlıq və həyəcan doğurur.
“Onun nazir Jan-İv Le Drianla görüşü zamanı Cənubi Qafqazın təhlükəsizliyinin inkişafı və yerlərdə yaranan yeni reallıqlar – Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi bir dəfə də olsun xatırlanmadı. Yaxın Şərqə və Avropanın Azərbaycan və Gürcüstanın əsas iştirakçılar olduğu hissəsinə faydalı ola biləcək Trans Atlantik ticarət layihələri haqqında da söhbət açılmadı”, - Teys qeyd edib.
P.Teys bildirib ki, Azərbaycanla sıx əməkdaşlıq etmədən Trans Atlantik layihələr və rəsmi Vaşinqtonun müəllifi olduğu iqtisadi dialoq sadəcə plan olaraq qalacaq.
“Ermənistana siyasi və iqtisadi üstünlüklər verilməyincə, reallıqlar dəqiq və obyektiv qiymətləndirilməyincə, rəsmi Vaşinqtonun Avropa üzrə geosiyasəti natamam olaraq qalacaq. Susmaq cavab hesab olunmur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində quraşdırılmış tank və piyada əleyhinə minaların dəqiq əks olunduğu bütün xəritələri təhvil verməsi üçün rəsmi Vaşinqton Ermənistandakı rejimə təzyiq göstərməlidir” – ekspert vurğulayıb.