Erməni cəmiyyəti radikal, şovinist təşkilatların yalan təbliğatının qurbanı olub və həqiqəti yalanlardan ayıra bilməyib.
“Report” xəbər verir ki, bu barədə bloger Albert İsakov Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, bu təbliğat bir çox azərbaycanlının, eləcə də, Azərbaycandan olan ermənilərin talelərinə pis təsir edib: "Biz Azərbaycan və Ermənistan arasında sülh perspektivlərindən danışırıq, lakin bu daha çox fəlsəfi görünür".
A.İsakov, müharibənin ailəsinə gətirdiyi ağrını bölüşmək üçün videobloq aparmağa başladığını söyləyib. Bloger azərbaycanlılar, o cümlədən Qərbi Azərbaycandan qovulmuş və Qarabağdan məcburi köçkün düşmüş insanların müsbət reaksiya ilə qarşılaşdığını vurğulayıb.
"Mən insan mərhəmətinin böyük bir qatını gördüm. İnsanlar mənim yanıma öz faciəli hekayələri və ağrıları ilə gəlirdilər", - bloger bildirib. Onun fikrincə, dağıdılmış talelərə görə məsuliyyəti erməni şovinizmi və radikal millətçilik daşıyır.
A.İsakov hesab edir ki, hazırda ermənilərin və azərbaycanlıların bir cəmiyyətdə dinc yanaşı yaşamasını təsəvvür etmək çətindir: Xüsusilə bu, erməni tərəfi üçün çətindir. Erməni cəmiyyəti, əgər buna inkişaf demək mümkündürsə, öz inkişafında dalana dirənib. Onlar şüurlu çıxış yolu axtarır. Ermənistandan olan insanlarla da ünsiyyət qururam və onlar hələ ki, azərbaycanlılarla yanaşı necə yaşamaq olar təsəvvür edə bilmirlər".
Xatırladaq ki, tanınmış videobloqer Albert İsakov özünün “YouTube” kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb. Görüş Ağdamın işğal olunduğu gün keçirilib.
Videomaterialda Ter-Petrosyan açıq şəkildə Azərbaycan xalqına qarşı şovinist ritorikadan istifadə edir və "Yerkrapa" erməni terror təşkilatının azərbaycanlıların Qarabağ və Şərqi Zəngəzurdan qovulması prosesinə töhfəsindən danışıb.