“Volkov gəlib tələblərimizə cavab verməyənə qədər aksiyanı davam etdirəcəyik. Etiraz aksiyasının müddətsiz davam etməsinə də hazırıq”.
Bunu “Report”un əraziyə ezam olunmuş əməkdaşına açıqlamasında Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyasının iştirakçısı - "Sözsüz dünya" İctimai Birliyinin sədri Aida Səfərova deyib.
O bildirib ki, dünəndən aksiyada iştirak edən iştirakçılar gecə hava soyuq olmasına baxmayaraq, ərazini tərk etməyiblər: “Aksiyada QHT nümayəndələri, aktivistlər, ictimai fəallar iştirak edir. Hər kəs əzmkarlıq göstərir. Gecə ərzində də "Ekoloji terrora son!" və müxtəlif şüarları səsləndirildi”.
Birlik sədri qeyd edib ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gəlib tələblərə cavab verməyənə qədər aksiyanı davam etdirəcəklər: “Hətta aksiyanın müddətsiz davam etməsinə də hazırıq. Biz Azərbaycandan olan ekoloqlarımızın təbii sərvətlərimizin talandığı ərazilərdə monitorinq aparmasının təmin edilməsini tələb edirik. Bu tələbimizi Volkov təmin etməlidir. Lakin dünəndən etibarən heç kim qarşımıza çıxmır”.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.