“Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qızıl və mis yataqlarının qanunsuz istismarına qarşı vətəndaş cəmiyyəti olaraq etiraz edirik”.
Bunu “Report”a açıqlamasında Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib.
Şura sədri xatırladıb ki, aidiyyəti dövlət qurumlarının əməkdaşları həmin ərazilərdə monitorinq keçirmək istəsələr də, buna imkan verilməyib:
“Təəssüf ki, sülhməramlılar missiyasına uyğun olaraq təxribatın qarşısını almadı və ya ala bilmədi. Nəticədə monitorinqi keçirmək mümkün olmadı. Buradan onlara səslənirəm ki, əgər söz verib öhdəlik götürmüsünüzsə, əməl edin”.
“Qarşı tərəf belə bir iddia ortaya atıb ki, guya etirazçılar yolu bağlayıb. Azərbaycan tərəfi rəsmi bəyanat yaydı ki, yolu bizim ölkəmiz yox, məhz Rusiya sülhməramlıları bağlayıb. Humanitar yüklər və təcili tibbi yardım avtomobilləri yoldan istifadə edə bilsələr də, bunu etmirlər. Odur ki, bütün bunlar hamısı şayiədir” - A.Məmmədov əlavə edib.