Fəaliyyətdə olan sədr: "ATƏT münaqişələrin həlli məsələlərində faydalı alətdir"
- 05 mart, 2019
- 11:04
Bakı. 5 mart. REPORT.AZ/ "ATƏT-dən münaqişələrin həlli məsələlərində faydalı vasitə kimi istifadə etmək lazımdır. Bu il Slovakiyanın ATƏT-dəki sədrliyinin üç prioritetindən biri məhz elə münaqişələrin həllidir".
"Report" xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra birgə mətbuat konfransında deyib.
"ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək niyyətini və buna hazır olduğunu bəyan etmək istəyirəm. Nizamlama çərçivəsində görüşlərimizi davam etdiririk. Bu, münaqişə zonasında gərginliyin azaldılmasına yardım edib", - deyə ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb.
O, Yerevana qarşıdakı səfəri zamanı Ermənistan tərəfinə Bakının bəyanatını çatdıra biləcəyinə ümidvar olduğunu əlavə edib.