Rusiyalı politoloqlar dinc şəhərlərə hücumları pislədilər

Rusiyalı politoloqlar dinc şəhərlərə hücumları pislədilər Azərbaycanın dinc şəhərlərinə qarşı Ermənistan tərəfindən törədilən raket hücumları ilə bağlı Rusiyanın bəzi politoloqları fikirlərini bölüşüblər.
Qarabağ
29 Oktyabr , 2020 19:37
Rusiyalı politoloqlar dinc şəhərlərə hücumları pislədilər

Azərbaycanın dinc sakinlərinə qarşı Ermənistan tərəfindən edilən raket hücumları ilə bağlı Rusiyanın bəzi politoloqları fikirlərini bölüşüblər.

“Report”un Rusiya bürosu xəbər verir ki, hərbi ekspert İqor Korotçenko bu əməlləri müharibə cinayəti olaraq səciyyələndirərək Ermənistan rəhbərlərinin cəzalandırılmasının vacibliyini qeyd edib:

“Beynəlxalq humanitar hüquqa əsasən, mülki əhalini öldürmək, dinc şəhərləri atəşə tutmaq müharibə cinayəti sayılır, buna başqa ad vermək mümkün deyil. Yəni bu kimi əməllərə görə beynəlxalq cinayət məhkəməsinin təyin edəcəyi müvafiq cəzalar nəzərdə tutulur. Bəs bunu niyə edirlər? Başlıca səbəb, məncə, döyüş meydanında Ermənistan hərbi birləşmələrinin uğur qazana bilməyib geri çəkilməyə məcbur olmasıdır. Bunun əvəzini də bu cür hücumlarla çıxırlar”.

“Vesti Kavkaza” İnformasiya Agentliyinin baş eksperti Andrey Petrov da bu raket hücumlarını terror olaraq dəyərləndirərək Azərbaycanın mümkün qədər çox dinc sakinlərini öldürmək niyyəti daşıdığını bildirib:

“Azərbaycanın dinc şəhərlərinin vurulması əhaliyə qarşı törədilən terrordur. Artıq Ermənistanı terrorçu təşkilatın idarə etdiyini söyləyə bilərik. Yəni Nikol Paşinyan hökuməti Azərbaycanda mümkün qədər çox dinc sakini qətlə yetirmək, onlara vahimə salmaq məqsədini güdən terrorçu təşkilatdır, yalnız bu cür səciyyələndirilə bilər. Bu məqsədə doğru onlar ardıcıllıqla irəliləyirlər. Yəni həm bu hücum, həm də əvvəlki hücumlar heç də məsələn, azad olunan bir ərazinin qisasını almaq və ya qorxutmaq məqsədli hansısa əlahiddə bir əməliyyat deyil. Paşinyan rejimi Azərbaycan əhalisini məhv etməyi nəzərdə tutan konkret bir planı var və bu plana da əməl edirlər. Odur ki, bütün beynəlxalq təşkilatlar bunu dərk etməli, qəbul etməlidir. Ermənistanın törətdiyi müharibə cinayətlərini tanımaq və bu terrorçuluq fəaliyyətinə son vermələri üçün onlara lazımi təzyiq göstərmək lazımdır”.

Şərqşünas, türkoloq Yuri Mavaşev Ermənistanın başlıca məqsədinin Azərbaycana qarşı müharibəyə Rusiyanı da cəlb etmək olduğunu düşünür:

“Bu müharibədə elə lap əvvəldən mülki obyektlərə qarşı, həm də məhz Ermənistan tərəfindən Azərbaycan ərazisinə qarşı hücumların səciyyəvi hal alması göz qabağındadır. Bu, çox mühüm məqamdır, çünki bu müharibəyə KTMT-ni cəlb etmək, Rusiyanın Ermənistan tərəfində iştirakına nail olmaq məqsədilə mütəmadi təxribatlar törədilir”.

Son xəbərlər

Orphus sistemi