Qobustan rayonunda Vətən müharibəsi şəhidi Sərxan Eldar oğlu Hacıyevin xatirəsinə inşa edilən ehsan bulağının açılışı olub.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bulağın açılış mərasimdə rayon icra hakimiyyəti və məsul işçiləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azadlığı uğurunda şəhid olan qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra şəhidin şərəfli həyat yolundan söhbət açılıb.
Qeyd edilib ki, Sərxan Hacıyev 1990-cı il iyulun 8-də Qobustan şəhərində anadan olub. Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib, igidliklə döyüşüb və qəhrəmancasına həlak olub.
Göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” Xocavənd uğrunda və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Çıxışlarda 44 günlük Vətən müharıbəsinin tarixi əhəmiyyətindən danışılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun şücaətindən bəhs edilib, Sərxan və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib.
Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunacaq.Şəhidin atası Eldar Hacıyev dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıq edib, Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib. Bulağın inşa edilməsində əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirib.