“Ermənistan hər vasitə ilə Bakını Laçın yolunu “bağlamaqda” və işğaldan azad edilmiş Qarabağın guya “humanitar fəlakət” astanasında olmasında ittiham etməyə çalışır”.
Bunu “Report”a Qazaxıstanın Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin Media kommunikasiyası və Qazaxıstan tarixi kafedrasının professoru Saken Mukan Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciətinə münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən hər hansı sənədin qəbul edilməsi ehtimalı yoxdur:
“Təcrübə BMT Təhlükəsizlik Şurasının qətnaməsinin effektiv olmadığını göstərir. Kimin necə səs verəcəyi təxminən aydındır, lakin qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurası son illər ərzində özünü nüfuzdan salıb və onun qərarları artıq bir növ “tövsiyə” xarakteri daşıyır. Üstəlik, Azərbaycanın da ilk növbədə öz milli maraqlarını müdafiə edən ciddi əks arqumentləri və sübutları var”.
S.Mukan əlavə edib ki, BMT Nizamnaməsinin özündə dövlətlərin ərazi bütövlüyünə hörmətdən bəhs olunur, beləliklə, belə qənaətə gəlinir ki, Azərbaycan işğaldan azad edilmiş Qarabağda suverenliyini bərpa edir: “Yəni demək istəyirəm ki, Azərbaycan diplomatiyası heç bir sənəd qəbul edilməməsi üçün bütün qüvvəsini ortaya qoyacaq”.
Ekspert həmçinin vurğulayıb ki, müharibədən sonrakı dövrdə Qarabağ ermənilərinin təbii olaraq Azərbaycan cəmiyyətinə tədricən reinteqrasiyası prosesi gedir:
“Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağın etnik erməniləri gec-tez vətəndaşlıq məsələsində qərar verməlidirlər. Yəni onlar hüquq və azadlıqların, o cümlədən dini etiqadların qorunması şərtləri əsasında Azərbaycan cəmiyyəti ilə inteqrasiya olunmalı və ya hər hansı başqa ölkəyə köçməlidirlər. Regiondan üçüncü ölkələrə daimi yaşamaq üçün heç bir axın olmadığı üçün Azərbaycan tərəfi burada tədricən qanunun aliliyini bərpa edir”.