"Bu gün Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novi Pazar şəhəri arasında dostluq və əməkdaşlıq haqqında imzaladığımız memorandum Şuşanın yeni tarixinə düşəcək".
"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu sənəd Azərbaycanla Serbiya arasında olan yüksək səviyyəli strateji münasibətlərin məntiqi davamı olaraq iki xalq arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək.
A.Kərimov söyləyib ki, eyni zamanda bu memorandum mədəni, sosial və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə müsbət təsirlər göstərəcək.
Prezidentin xüsusi nümayəndəsi xatırladıb ki, bu sənəd Şuşa şəhəri ilə digər şəhərlər arasında imzalanan sayca 7-ci sənəddir. O, bundan əvvəlki qarşılıqlı memorandumlardan fərqli olaraq belə bir sənədin ilk dəfə məhz Şuşa şəhərində imzalandığını vurğulayıb.
A.Kərimov bunu simvolik və müsbət bir hal kimi dəyərləndirib.
O həmçinin bununla da Azərbaycan və Serbiya arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu söyləyib.