“Avqustun 16-da Qarabağdakı “humanitar böhran”la bağlı Ermənistanın müraciətinə baxacaq BMT Təhlükəsizlik Şurası (TŞ) ABŞ-ın sifarişini yerinə yetirir”.
Bunu "Report"a açıqlamasında politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov deyib.
Onun sözlərinə görə, sülhün bərqərar olunması Ermənistanın baş naziri Nikol Paşinyanın maraqlarına uyğun deyil: “Paşinyan və BMT daxil olmaqla, dünyanın aparıcı siyasi təşkilatlarının əksəriyyəti ABŞ-ın siyasi xəttini dəstəkləyir".
Politoloq qeyd edib ki, Azərbaycanla sərhədlərin müəyyən edilməsi ilə bağlı razılaşmanın əldə olunmasına dair cəhdlər Ermənistanın maraqlarına xidmət etsə də, Paşinyanın mövqeyi erməni sakinlərinin maraqları ilə üst-üstə düşmür: “İkinci Qarabağ müharibəsindən sonra Ermənistan üçün imkanlar yaranmışdı. Buraya sülh sazişi imzalamaq, təcriddən çıxmaq və iqtisadiyyatı inkişaf etdirmək daxil idi. Bütün bunlar erməni xalqının maraqlarına cavab verir. Lakin bunlar Ermənistan rəhbərliyinin maraqlarına uyğun deyil”.
Ekspert hesab edir ki, BMT Ermənistanın müraciətinə lazımi diqqət yetirməyəcək, amma qalmaqal yaradılacaq: "Təhlükəsizlik Şurasının azı iki daimi üzvü - ABŞ və Fransa bu gündəliyi fəal şəkildə modelləşdirəcək. Əlbəttə ki, Fransa müstəmləkəçi kimi qəbul olunduğu Şimali Afrikadakı problemlərini nəzərdən keçirməkdə maraqlı deyil. Buna görə də onlara “sülhməramlı” rolunu oynadıqları başqa bir vəziyyətə nəzər yetirmək daha çox sərf edir”.