“Azərbaycan bütün dünyaya müasir müharibələrin necə aparılmalı olduğunu göstərdi ki, bu da Ukrayna və Qəzza zolağında gedən müharibə fonunda xüsusilə diqqəti cəlb edir”.
"Report" xəbər verir ki, bu barədə Saratov vilayət dumasının "Vahid Rusiya"dan olan keçmiş deputatı, politoloq Dmitri Çernışevski özünün yutub kanalında Ukrayna və İsraildəki qarşıdurmaları təhlil edərkən danışıb.
“Çətin ki, kimsə analogiyalar aparıb və Azərbaycanı həm İsrail, həm də Ukraynaya nümunə göstərib. Azərbaycan müasir reallıqlarda Ukraynaya, eləcə də İsrailə müharibənin necə aparılmalı olduğunu göstərir”, - analitik bildirib.
O, hesab edir ki, müasir müharibələrdə informasiya komponenti əvvəlki dövrlərdən daha vacib rol oynayır: "Müharibələr rabitənin sürətlə inkişaf etdiyi, hətta televiziyanın əsas mənbə kimi inhisarını itirdiyi informasiya əsrində gedir. Sosial şəbəkələr çox aktivdir, informasiya məkanı böyükdür, hətta müharibələr canlı yayımda göstərilir”.
Politoloq vurğulayıb ki, Ukrayna üçün ABŞ-nin ictimai rəyi, ABŞ elitasının rəyi uğrunda mübarizə istənilən hərbi əməliyyatdan daha vacibdir: “Çünki Ukraynanın müharibədə qalib olub-olmayacağı məhz onun Qərb ictimai rəyindəki mövqeyidən asılıdır. Ukrayna başqasının pulu ilə müharibə aparır, ona görə də Ramşteyn koalisiyasındakı müttəfiqlərindən kritik dərəcədə asılıdır. Eyni zamanda, Ukrayna informasiya sahəsində səylərini maksimum dərəcədə artırmadığı üçün indi belə bir vəziyyətlə üzləşib. O, hərbi komponentdən daha çox informasiya komponentindən asılıdır”.
“Ancaq İsrail, qəribə də olsa, eyni şəkildə informasiya komponentindən asılıdır. Bunu amerikalılar yüksək rütbəli rəsmilərinin dili ilə belə deyirlər - müharibənizin bitməsinə 2-3 həftə vaxtınız var, əks halda biz sizə dəstək ola, beynəlxalq və ictimai təzyiqə dözə bilməyəcəyik. Deməli, İsrail də ictimai rəydən asılıdır”, - deyən D.Çernışevski qeyd edib ki, Azərbaycan da informasiya komponentindən çox asılı idi.
“Ermənistan Azərbaycanın bir hissəsini işğal etdikdə ölkədə ən azı 700 min, bəlkə də bir milyon qaçqın var idi. Yurd-yuvalarından didərgin salınan, mülkləri əlindən alınan, öldürülən, təcavüzə uğrayan bu insanlar üçün Qərbdə heç kim göz yaşı tökməyib. Qərb hər şeyə göz yumub. Çünki o vaxtlar, 1990-cı illərdə Ermənistan informasiya gündəminə tamamilə hakim idi. Bu illərdə Azərbaycan təkcə Birinci Qarabağ müharibəsində deyil, informasiya müharibəsində də uduzdu”, - ekspert bildirib.
“İndi isə nə görürük? Azərbaycan həm informasiya sahəsində, həm də İkinci Qarabağ müharibəsində parlaq qələbə qazandı. Qərb daxil olmaqla, müxtəlif yerlərdə Azərbaycanın əleyhinə və tamamilə yalan fikirlər səsləndirilir. Çünki onlar reallığa məhəl qoymurlar. Lakin bu fikirlər Azərbaycana olan müsbət münasibətlər fonunda nəzərə çarpmır”, - politoloq qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Qarabağ məsələsini həll edib: “Doğrudur, ermənilər bu ərazidən gediblər. Amma heç kim onları buradan qovmayıb. Hətta bunu Avropa Parlamenti və bu qurumun deputatları etiraf edib. Ermənilər özləri getdilər, onları heç kəs qovmadı, çünki onların vicdanları təmiz deyildi. Onlar ya 30 il əvvəl azərbaycanlıların bu ərazilərdən didərgin salınmasında iştirak ediblər, ya da onların “Dağlıq Qarabağ ordusu” adlı terrorçu strukturda qohumları olub. Buna görə də azərbaycanlı qonşularının onlara belə bir sual ünvanlayacaqlarından qorxurdular: “Mənim mülküm, evim, avtomobilim haradadır?”. Bundan başqa, azərbaycanlılar buraya qayıtdıqdan sonra təhqir edilmiş məscidlərini, yerlə-yeksan olunmuş kəndlərini görəcəklər”.
O əlavə edib ki, ermənilər özlərini günahkar hesab etdikləri, öz əməllərinə görə utandıqları üçün bu əraziləri tərk ediblər.
Politoloq vurğulayıb ki, Azərbaycan qalib gəlməyin çox çətin olduğu bir vəziyyətdə qələbə qazanıb: “Bu, kifayət qədər həssas və çətin vəziyyət idi. Burada günahkar tərəf olmaq çox asan idi. Amma Azərbaycan bu vəziyyətlə üzləşmədi. Yəni Azərbaycan informasiya sahəsində tam qələbə qazandı. Lokal antiterror tədbirləri cəmi iki gün davam edib. Bu müddət ərzində Azərbaycan qalib gəlib və bununla da “blitskriq” təmin edilib. Əslində, bu, zəruri şərtdir”.
D.Çernışevskinin fikrincə, Ukrayna da İsrail kimi haqlı tərəf olduğunu göstərmək üçün heç nə etmir: “Azərbaycan bizə nəyi və necə edəcəyini göstərdi. Azərbaycan müharibəyə hazırlaşdı, informasiya platforması hazırladı, informasiya müharibəsində Ermənistan dövlətini tamamilə məğlub etdi və “blitskriq” həyata keçirdi”.
Ekspertin sözlərinə görə, Azərbaycan öz “blitskriqi” və informasiya komponenti ilə həm Ukraynaya, həm də İsrailə tamamilə qüsursuz nümunə göstərir: “Son üç müharibədən yalnız biri müasir idi. Söhbət İkinci Qarabağ müharibəsindən gedir. Bu, çox güclü informasiya dəstəyi ilə müşayiət edilən ildırımsürətli müharibə idi”.
O qeyd edib ki, Ukrayna müharibəsi 1915-ci ilin, İsrail müharibəsi isə 1980-ci ilin müharibəsidir: “Yəni bunlar köhnəlmiş qaydalarla aparılan müharibələrdir. Buna görə də problemlər yaranır. Ukrayna bu müharibəni necə aparacağını başa düşsə də, qalib gələ bilmir. Sadəcə müxtəlif səbəblərə görə kifayət qədər gücü yoxdur. İsrail də qalib gələ bilər, amma bunu necə edəcəyini bilmir. Məhz bu amillər sadalanan ölkələrin əleyhinə işləyir”.