“Ermənistanın Qarabağda minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi Cənubi Qafqazda sülh və barışığın bərqərar olmasına ciddi töhfə verə bilər”.
“Report” xəbər verir ki, bunu britaniyalı ictimai xadim Patrik Uolş deyib.
“Minalar və partlamamış hərbi sursatlar digər silahlardan onunla fərqlənir ki, bu təhdidlər münaqişə başa çatdıqdan sonra da davam edir. Mina terroru insanların həyatını təhdid etməklə yanaşı, həm də onlara psixoloji sarsıntılar yaşadır. Belə ki, insanlar daim qorxu içində yaşayırlar, çünki onlar və ya onların uşaqları mina terrorunun qurbanına çevrilə bilərlər. Ermənistanı mina xəritələrini Azərbaycanla paylaşmağa və regionun bütün xalqlarının təhlükəsiz, dinc, yanaşı yaşaması üçün ümumi maraqlar naminə əməkdaşlıq etməyə çağırıram”, - o vurğulayıb.
Qeyd edək ki, bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalları “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlayıb.
Petisiya “Jotform” beynəlxalq platformasında “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub.