Həbsə alternativ cəzaların tətbiqi – cəmiyyət və dövlət üçün faydaları - Araşdırma

Daxili siyasət
  • 24 noyabr, 2026
  • 12:57
Həbsə alternativ cəzaların tətbiqi – cəmiyyət və dövlət üçün faydaları - Araşdırma

XIX əsrin əvvəllərindən ölüm cəzalarının ləğv edilməsi prosesinin başlanması ilə azadlıqdan məhrumetmə hüquq sistemlərində əsas cəza növü kimi həyata keçirilməyə başlanıb. Bu, ölüm hökmünə nisbətən humanist cəza olsa da, sözügedən sistem özü ilə bir çox problemi də gətirib.

Belə ki, azadlıqdan məhrumetmənin ağır cinayətlərdə təqsirləndirilən şəxslərə tətbiqi səmərəli olsa da, az ağır cinayətlərə görə tətbiqi zamanı səmərəsiz olduğu üzə çıxır. Buna görə də dünya praktikasında həbsə alternativ cəzaların tətbiq olunması hallarının çoxalması müşahidə edilməkdədir.

Azadlıqdan məhrumetmə və həbs qətimkan tədbirinə alternativ (azadlığın məhdudlaşdırılması, cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, ictimai işlər, islah işləri, eyni zamanda, ev dustaqlığı qətimkan tədbiri, polisin nəzarətinə vermə və s.) cəzaların tətbiqi beynəlxalq aləmdə dövlət üçün humanist imic yaradır, ailə institutu qorunur, məhkum olunmuş ailə başçısı doğmalarından ayrılmır, dövlət xərcləri və həbsxanalarda sıxlıq azalır, həmçinin məhkum cəmiyyətdən və iş mühitindən təcrid olunmur.

Bəs, Azərbaycanda az ağır cinayətlərə görə həbs qətimkan tədbirinə və azadlıqdan məhrumetmə cəzası əvəzinə alternativ cəzaların tətbiq olunmasına üstünlük verilməsinin cəmiyyət və dövlət üçün hansı faydaları ola bilər?

"Report" sözügedən məsələni araşdıraraq müvafiq qurumların, hakim və vəkillərin, eləcə də azadlıqdan şərti məhrum edilmiş şəxsin mövqeyini öyrənib.

"Şərti cəzaya məhkum edildiyim üçün bu gün ailəmin yanındayam, karyeramla məşğulam"

Kikboksinq üzrə ikiqat dünya çempionu, dünya kubokunun qızıl mükafatçısı və Əməkdar idman ustası Elman Mirzəyev "Report"a deyib ki, bu ilin iyul ayında məhkəmənin hökmü ilə barəsində olan cinayət işi üzrə ona azadlıqdan şərti məhrum etmə cəzası verilib:

Elman Mirzəyev
"İstintaq dövründə barəmdə seçilmiş ev dustaqlığı qətimkan tədbiri məhkəmənin hökmü ilə başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəzlənib. Düşünürəm ki, həbsə alternativ olan cəzalar cəmiyyət və dövlət üçün çox faydalıdır. Mən idmanda göstərdiyim yüksək nailiyyətlərə, qazandığım qələbələrə və Azərbaycan bayrağını beynəlxalq turnirlərdə dalğalandırdığıma görə dövlət tərəfindən "Əməkdar idman ustası" fəxri adı ilə təltif olunmuşam. Şərti cəzaya məhkum edildiyim üçün bu gün ailəmin yanındayam, eyni zamanda karyeramla da məşğulam".

E.Mirzəyevin sözlərinə görə, həbs cəzası təkcə məhkumun öz həyatına deyil, onun ailə üzvlərinə də pis təsir edir:

"Təsəvvür edə bilmirəm ki, bu gün həbsdə ola, ailəmdən uzaqda qala bilərdim. Bəs, o zaman övladlarımın təhsil və tərbiyəsi ilə necə məşğul olacaqdım? Həbs olunsaydım, illərlə əziyyət çəkdiyim idmançı karyeram da bitə bilərdi. Məhkəmənin az ağır cinayətlərdə təqsirləndirilən şəxslərə şərti cəzalar verməsi məhkəmə hakimiyyətində humanizm prinsiplərini ön plana çıxarır. Bu, həmçinin insanlarda məhkəmə-hüquq sisteminə güvən yaradır".

Azərbaycanda cəzaçəkmə müəssisələrində sıxlıq var

Əliməmməd Nuriyev
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, azadlıqdan məhrumetmə cəzasının verilməsi məhkumun ailəsi və dövlət üçün əlavə yük yaradır:

"Azərbaycanda cəza siyasətinin əsas prinsiplərindən biri də cəzanın humanistləşdirilməsidir. Bu istiqamətdə əsas şərtlərdən biri azadlıqdan məhrumetmə cəzasına alternativ cəzaların tətbiq edilməsidir. Ona görə də qanun imkan verdiyi hallarda şərti məhkumetmə və alternativ cəzaların tətbiqi cəzaçəkmə müəssisələrinə daxil olan məhkumların sayını azalda bilər.

Azərbaycanda hazırda cəzaçəkmə müəssisələrində sıxlıq mövcuddur. Yeni cəzaçəkmə müəssisələri tikilsə də, bir sıra müəssisələr ötən əsrin ortalarında və əvvəllərində tikilmiş və cəzaçəkmə müəssisələrinin təyinatına uyğun olmayan binalardır. Azadlıqdan məhrumetmə cəzasının mütəmadi tətbiq edilməsi də cəzaçəkmə müəssisələrində sıxlıq yaradır".

Ə. Nuriyev qeyd edib ki, şərti məhkumetmə ayrıca cəza növü deyil, Cinayət Məcəlləsinin 70-ci maddəsi şəxsin azadlıqdan məhrum etmədən islahını mümkün saydıqda təyin edilmiş cəzanın şərti tətbiq edilməsinə imkan verir:

"İctimai işlər, islah işləri, cərimə və azadlığın məhdudlaşdırılması isə ayrıca cəzalardır. Qərar cinayətin halları və şəxsin islahı üçün uyğun olmalıdır".

Hər məhkuma illik təxminən 7 000 manat xərclənir

Ekspertin sözlərinə görə, cəzaçəkmə müəssisəsində məhkumların maliyyə yükü də dövlət büdcəsi üçün əlavə xərclər yarada bilər:

"Azərbaycanda hər bir məhkum üçün bir ildə çəkilən xərclərin ümumi məbləği təxminən 7 000 manatdır, sözügedən xərclər artmaqdadır. Həmin məbləğə təkcə məhkumun yemək xərcləri deyil, eyni zamanda, mühafizə, tibbi xidmət, müəssisənin saxlanması və s. xərclər də daxildir. Hesab edirəm ki, azadlıqdan məhrumetmə cəzasının tətbiqi praktikasını azalda bilərik. Amma elə etməliyik ki, bu, cəmiyyətdə kriminogen vəziyyətin güclənməsinə gətirib çıxarmasın. Bu istiqamətdə balansı qorumaq çox vacib məsələdir".

Ə. Nuriyev əlavə edib ki, Azərbaycanda amnistiya aktlarının tətbiqi, mütəmadi olaraq əfv sərəncamlarının imzalanması da cəzaların humanistləşməsi istiqamətində atılan mühüm addımlardır.

Az ağır cinayətlərə görə həbsə alternativ cəzaların verilməsi vacibdir

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Mirzə Xankişiyev "Report"a açıqlamasında sözügedən məsələnin aktual olduğunu vurğulayaraq bildirib ki, hüquq sahəsi üzrə hər bir əmələ görə bir maddə yazılsa, bu, heç bir kitaba sığmaz:

Mirzə Xankişiyev
"Hüquq sahəsini bilən adam elə ilk başdan işə baxaraq təqsirləndirilən şəxsə hansı cəzanın verilə biləcəyini müəyyən edə bilir. Eyni əməl hər zaman eyni cür baş vermir. Həbsə alternativ cəzaların tətbiqi olduqca vacibdir. Bəzən təqsirkara elə cəza verilir ki, bu, məhkumun əməlinə görə nə az, nə də çox olur, bəzən də humanist cəzalar verilir. Elə cinayət işləri ola bilər ki, təqsirləndirilənə yuxarı həddə də, aşağı həddə də cəza vermək olar, bu zaman ittiham edilən şəxsin xarakterinə, törətdiyi əməlin mahiyyətinə, məsələn, ehtiyatsızlıqdan, təsadüfən və ya digər hallarda törədilməsinə baxılaraq cəzalar tətbiq olunur. Cinayətin törədilmə şəraiti müxtəlif olduğu üçün az ağır cinayətlərə görə həbsə alternativ cəzaların verilməsi də çox vacibdir".

M. Xankişiyev qeyd edib ki, az ağır cinayətlərə görə kütləvi olaraq həbs cəzasının tətbiqi sonradan bir sıra problemlər yaradır:

"Məhkəmə az ağır cinayətlərə görə şəxsi azadlıqdan məhrum edir, üzərindən bir müddət keçəndən sonra zərərçəkən bildirir ki, onun məhkum edilən şəxsə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Cəzanın məqsədi cinayət törətmiş şəxsin islah olunmasıdır. Təqsirləndirilənə elə cəza verilməlidir ki, bu, onun islah olunması üçün kifayət etsin. Buna görə də az ağır cinayətlərdə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara üstünlük verilməsi daha məqsədəuyğundur".

O vurğulayıb ki, insan var, bir dəfə səhv edir, insan var, səhvi dəfələrlə təkrarlayır və bu səbəbdən ilk dəfə az ağır cinayət törətmiş hər bir insanı azadlıqdan məhrum etmək düzgün deyil:

"İttiham edilən şəxsə azadlıqdan məhrumetmə olmayan cəzalar verdikdə belə, o, həbs oluna biləcəyini düşünüb bundan da dərs çıxarır. Təqsirkarın azadlıqdan məhrum edilməsi təkcə onun həyatına deyil, ailə üzvlərinə də pis təsir edir, azyaşlı uşaqları varsa, həmin uşaqlar valideyn himayəsindən məhrum olur".

Sabiq hakimin sözlərinə görə, humanist cəzaların tətbiqi dövlət üçün müsbət imic yaradır:

"Təqsirləndirilən şəxs də bir vətəndaşdır. Dövlətin məqsədi insanları törətdiyi əmələ görə cəzalandırmaq deyil, onu islah etməkdir. İnsan normadan artıq həbs cəzası alanda narazı qalır, o, islah olunmur, əksinə, cinayətə daha da meyilli olur. Dövlətin vətəndaşın qayğısına qalmasının bir nümunəsi də, məhkəmə sisteminin ədalətli olmasıdır. Çünki heç kim hadisədən sığortalanmayıb. Bu, hər birimizin başına gələ bilər. Avtomobil idarə edərkən qarşımıza kimsə çıxa bilər, istəmədən həmin şəxsi vura bilərik. Hadisə qəsdən törədilməyibsə, məhkəmə belə hallarda ağır cəzalar verməməlidir.

Düşünürəm ki, azadlıqdan məhrum etmə olmayan cəzaların verilməsi zəruridir. Mən uzun müddət hüquq mühafizə sistemində çalışmışam, şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, təqsirkara ağır cəzaların verilməsi onu tərbiyələndirmir, əksinə cinayətə daha da meyilli edir".

Həbsə alternativ cəzalar sosial əlaqələri qorumağa imkan yaradır

Vəkil Elvin Əliyev "Report"a deyib ki, cinayət hüququnun əsas məqsədlərindən biri törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsi ilə yanaşı, məhkumun islah olunması, yeni cinayətlərin törədilməsinin qarşısının alınması və ictimai təhlükəsizliyin təmin edilməsidir:

Elvin Əliyev
"Müasir cinayət hüququnda bu məqsədlərə nail olmaq üçün azadlıqdan məhrumetmə ilə yanaşı, şərti məhkumetmə və digər həbsə alternativ cəza mexanizmlərindən də istifadə olunur. Bu institutlar cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasına, sosial əlaqələrinin qorunmasına və penitensiar sistemin yükünün azaldılmasına imkan yaradır".

Onun fikrincə, şərti məhkumetmə cəzasızlıq və ya cinayət məsuliyyətindən azadolma deyil, məhkumun qanunla müəyyən edilmiş sınaq müddəti və müvafiq öhdəliklər çərçivəsində davranışına nəzarət edilməsini nəzərdə tutan hüquqi institutdur.

Vəkil bildirib ki, həbsə alternativ cəzaların mühüm üstünlüklərindən biri məhkumun sosial və əmək əlaqələrinin qorunmasıdır.

"Azadlıqdan məhrumetmə şəxsin əmək fəaliyyətinin dayandırılmasına, peşə bacarıqlarının itirilməsinə və cəmiyyətə reinteqrasiyasının çətinləşməsinə səbəb ola bilər. Bunun əksinə olaraq, qanunla nəzərdə tutulan alternativ cəzalar şəxsin işləməyə, sosial münasibətlərini davam etdirməyə və üzərinə düşən hüquqi öhdəlikləri yerinə yetirməyə imkan verə bilər. Bu yanaşma məhkumun gələcəkdə qanunazidd davranışlardan çəkinməsi və cəmiyyətin hüquqa uyğun üzvü kimi formalaşması baxımından əhəmiyyətlidir", - o qeyd edib.

Tokio Qaydaları qeyri-həbs tədbirlərinin tətbiqini təşviq edir

Vəkilin sözlərinə görə, şərti məhkumetmə və həbsə alternativ cəzaların digər mühüm sosial nəticəsi ailə institutunun qorunmasıdır:

"Azadlıqdan məhrumetmə şəxsin ailəsindən, övladlarından və himayəsində olan şəxslərdən uzun müddət ayrı qalmasına səbəb ola bilər. Bu hal ailənin maddi təminatına, uşaqların sosial və psixoloji vəziyyətinə, eləcə də ailədaxili münasibətlərə mənfi təsir göstərir. Alternativ cəza mexanizmləri isə müvafiq hallarda məhkumun ailə üzvləri qarşısında öhdəliklərini yerinə yetirməsinə, əmək fəaliyyəti vasitəsilə ailənin təminatında iştirakına və sosial məsuliyyətini davam etdirməsinə imkan yaradır.

Bununla belə, ailə vəziyyəti özlüyündə cəzanın yüngülləşdirilməsi üçün mütləq əsas hesab edilə bilməz, həmin hal digər hüquqi əhəmiyyətli hallar ilə birlikdə qiymətləndirilməlidir. Birləşmiş Millətlər Təşkilatının "Azadlıqdan məhrumetməyə alternativ tədbirlərə dair Tokio Qaydaları" qeyri-həbs tədbirlərinin tətbiqini və onların insan hüquqlarına uyğun icrasını təşviq edir".

Cəzanın sərtliyi yox, onun qaçılmazlığı təkrar cinayətkarlığın qarşısını almaqda daha effektivdir

Deputat Bəhruz Məhərrəmov qeyd edib ki, şərti və həbsə alternativ cəza təsisatları müasir cinayət-hüquq siyasətinin, xüsusən də cəza humanistləşməsinin ən mühüm sütunlarından biridir:

Bəhruz Məhərrəmov
"Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müasir hüquq fəlsəfəsi və kriminologiya sübut edir ki, cəzanın sərtliyi yox, onun qaçılmazlığı və sosial adaptasiyaya yönəlməsi residivizmin, yəni təkrar cinayətkarlığın qarşısını almaqda daha effektivdir.

Blekston, Bekkariya və Bentam kimi klassik hüquq mütəfəkkirlərindən başlayan cəzada mütənasiblik və insanpərvərlik prinsipləri bu gün alternativ cəzaların tətbiqinin nəzəri bünövrəsini təşkil edir. Hüquqi dövlət anlayışında cəza tədbiri şəxsdən intiqam almaq üçün deyil, onu yenidən fəal, məsuliyyətli və cəmiyyət üçün yararlı bir fərd kimi sosial həyata inteqrasiya etmək üçün istifadə olunmalıdır. İnsanın cəmiyyətdən və iş mühitindən təcrid olunmaması isə ilk növbədə onun sosial statusunu, psixoloji sabitliyini və peşəkar bacarıqlarını qoruyub saxlamasına imkan verir".

O qeyd edib ki, şəxs həbs olunduqda öz iş yerini və gəlir mənbəyini itirir, bu isə onun gələcəkdə leqal əmək bazarına qayıtmasını çətinləşdirir. Azadlığın məhdudlaşdırılması, ictimai işlər, islah işləri və ya cərimə kimi alternativ cəzalar tətbiq edildikdə isə şəxs gündəlik əmək fəaliyyətini sürdürür, dövlətə vergi ödəyir və sosial məsuliyyətini dərk edir.

"Birləşmiş Millətlər Təşkilatının "Həbs ilə bağlı olmayan tədbirlərə dair Minimum Standart Qaydaları" və Avropa Şurasının "Avropa Probasiya Qaydaları" üzv dövlətlərə cəzaların humanistləşdirilməsini və probasiya institutlarının inkişafını tövsiyə edir. Qərbi Avropa ölkələrində, xüsusən də Skandinaviya modelində və Niderlandda restorativ ədalət konsepsiyası üstünlük təşkil edir. İsveçdə "açıq probasiya" və elektron monitorinq sistemlərinin geniş tətbiqi nəticəsində son illərdə bir neçə penitensiar müəssisə məhkum sayının kəskin azalması səbəbindən bağlanıb. Böyük Britaniya və ABŞ-nin bir çox ştatlarında isə ictimai faydalı işlər və zərərçəkmişlə barışıq proqramları geniş istifadə olunur. Qərb təcrübəsi göstərir ki, həbsə alternativ cəzalar tətbiq edilən ölkələrdə təkrar cinayətkarlıq göstəricisi yalnız azadlıqdan məhrum etməyə üstünlük verən ölkələrlə müqayisədə yarıbayarı aşağıdır", - deputat vurğulayıb.

Zərərçəkənlərin hüquqları necə qorunmalıdır?

Azadlıqdan məhrumetmə olmayan cəzaları tətbiq edərkən zərərçəkənlərin hüquqlarını qorumaq da əsas məsələlərdən biridir. Bu istiqamətdə zərərçəkənə dəymiş ziyan ödənməli və tərəflər arasında barışıq olmalıdır. Hüquqi terminlə buna restorativ ədalət deyilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Azad Məcidov deyib ki, azadlıqdan məhrumetmə olmayan cəzalar verilərkən restorativ ədalət prinsipləri elə tətbiq olunmalıdır ki, həm zərərçəkən razı qalsın, həm də azadlıqdan məhrumetmə olmayan cəza növünü tətbiq etmək üçün əsas yaransın:

Azad Məcidov
"Təqsirləndirilən zərərçəkmişə dəymiş ziyanı ödəməli, barışıqla əlaqədar notariat qaydada dəymiş ziyanın tam ödənilməsi təsdiq olunmalı, həmçinin şikayət olmaması barədə ərizə təqdim edilməlidir. Belə olan halda Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən halları müəyyən edən 59-cu maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirməyə əsas yaranır".

Ədliyyə naziri Fərid Əhmədov bu il "Report"a verdiyi müsahibəsində bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində probasiya şərtlərini pozmuş şəxslərin sayında kəskin azalma müşahidə edilir:

Fərid Əhmədov
"2023-cü ilin sonuna bu rəqəm 842 olmuşdusa, 2025-ci ilin sonunda 9 dəfə azalmaqla 93-ə düşüb. Eyni zamanda probasiya nəzarətində olan şəxslərin təkrar cinayət törətməsi hallarının təxminən 15% azaldığını müşahidə edirik. Bütövlükdə probasiya sahəsində daha köklü islahatların həyata keçirilməsi məqsədilə probasiya fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar 2027-2031-ci illəri əhatə edən konsepsiya hazırlamışıq. Bu konsepsiya layihəsi hazırda hökumətdə razılaşma prosesindədir və düşünürəm ki, bu konsepsiyanın tətbiqi ilə Probasiya xidməti üzrə qeyd etdiyim hədəflərə çata biləcəyik".

Bu il probasiya nəzarətində olan məhkum sayı əvvəlki ilə nisbətən azalıb

Ədliyyə Nazirliyindən sorğuya cavab olaraq bildirilib ki, 2025-ci ildə nazirliyin Probasiya xidmətinin tabe qurumlarında 12 855, 2026-cı ilin oktyabrın 1-nə kimi isə 6 443 məhkum qeydiyyatda olub:

"Qeydiyyatda qalan şəxslərin sayında yarıyadək fərqin əmələ gəlməsinin əsas səbəbi Prezidentin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında 19.12.2025-ci il tarixli Qərarın icrası olub".

Həmçinin qeyd olunub ki, 2026-cı ilin 1 oktyabr tarixinə olan məlumata əsasən, cari il ərzində Probasiya xidmətinin tabe qurumlarının qeydiyyatında olmuş şərti məhkum edilən 624 şəxs qeydiyyatdan çıxarılıb:

"2026-cı il ərzində məhkumlardan 394-ü amnistiya qərarının tətbiqi ilə əlaqədar, 190-ı sınaq müddəti başa çatdığına görə, digərləri başqa səbəblərdən (hökmün ləğv edilməsi ilə əlaqədar işin icraatına xitam verildiyinə görə, məhkum oldüyünə görə, xəstəliyə görə və s.) qeydiyyatdan çıxarılıb".

Nazirliyə hər məhkuma düşən illik xərclərlə bağlı ünvanladığımız suala cavab olaraq bildirilib ki, məhkum və həbs edilmiş şəxslərin gündəlik ərzaq (yemək) və maddi-məişət normaları Nazirlər Kabinetinin "Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə" və "Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarının təsdiq edilməsi haqqında" Qərarları ilə tənzimlənir:

"Həmin qərarlarda bütün məhkumların və həbs edilmiş şəxslərin (kişi, qadın, yeniyetmə, xəstə, hamilə, uşaqlı, əlil və s.) kateqoriyalar üzrə gündəlik tələbatları olan yemək və məişət ehtiyacları ayrı-ayrılıqda əksini tapıb. Qərarlarda qeyd olunan normaların təmin olunması büdcə vəsaitləri hesabına və həmin dövrə aid bazar qiymətlərinə uyğun olaraq həyata keçirilir".

Qeyd edək ki, statistikaya görə, 2025-ci il ərzində 13 846 nəfər məhkum edilib. Onlardan 8 039 nəfəri azadlıqdan məhrumetmə, 623 nəfər şərti məhkumetmə cəzasına və 5184 nəfər isə digər cəza növləri ilə məhkum ediliblər.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyindən bildirilib ki, barəsində məhkəmənin hökmü ilə həbsə alternativ cəzalar verilmiş nə qədər şəxsin əmək fəaliyyəti ilə məşğul olması və bu qəbildən olan şəxslərin əmək hüquqlarının qorunması üçün hansı işlərin görüldüyü barədə qurumda ayrıca məlumat mövcud deyil.

"Xidmət mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün işçilərin əmək hüquqlarının qorunması və əmək qanunvericiliyinin tələblərinə əməl olunması istiqamətində dövlət nəzarətini həyata keçirir", - qurumun məlumatında qeyd olunub.

Qeyd edildiyi kimi, Azərbaycanda cəza siyasətində humanizm prinsiplərinin əsas tərkib hissələrindən biri də Prezident İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı əfv sərəncamları və amnistiya aktlarıdır.

Prezident 10 fevral 2017-ci ildə Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" tarixi sərəncam imzalayıb. Bu sərəncamla iqtisadi cinayətlərin dekriminallaşdırılması və həbsə alternativlərin yaradılması tapşırılıb. Həmin il cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların icrasına effektiv nəzarət etmək məqsədilə Ədliyyə Nazirliyinin strukturunda Probasiya Xidməti yaradılıb.

Cəzaların humanistləşdirilməsi təkcə inzibati tərəfdən deyil, həm də qanunvericilik islahatlarında da öz əksini tapıb. Belə ki, həmin il "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun qüvvəyə minib. Bu dəyişikliklərlə qanunvericiliyə tamamilə yeni alternativ cəza növü olan "azadlığın məhdudlaşdırılması" (elektron qolbaq nəzarəti) daxil edilib və bir çox iqtisadi əməllər dekriminallaşdırılıb.

Cəzaların humanistləşdirlməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının bir sıra qərarları da mövcuddur. 1990-cı ildə qəbul olunmuş "Tokio Qaydaları" ilə yanaşı, 1985-ci ildə qəbul olunan "Pekin Qaydaları", 2010-cu ildə qəbul edilən "Bankok Qaydaları" da var. "Pekin Qaydaları" uşaqlar və yeniyetmələr tərəfindən törədilən hüquqpozmalarda həbsin yalnız ən son çarə kimi tətbiq olunmasını və şərti azadlıq prinsiplərinin rəhbər tutulmasını nəzərdə tutur. "Bankok Qaydaları" isə məhkum qadınlarla rəftarla bağlıdır, hamilə, azyaşlı uşağı olan və ya zorakılığa məruz qalmış qadınlara münasibətdə həbs qətimkan tədbirlərinin və azadlıqdan məhrumetmə cəzalarının tətbiqindən qaçınmağı, alternativ cəzalardan istifadəni tələb edir.

İnkişaf etmiş ölkələrdə də cəzaların humanistləşdirilməsi həmin dövlətlərin cəza siyasətinin əsas tərkib hissəsidir. Almaniya, Belçika və Avstriya kimi Avropa ölkələri cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən psixoloqlar vasitəsilə islahına üstünlük verir. Yunanıstan və bir sıra digər Avropa ölkələrinin qanunvericiliyinə görə, məhkəmə tərəfindən verilən qısamüddətli həbs cəzaları, əgər şəxs təkrar cinayət törətmirsə, avtomatik olaraq cəriməyə və ya probasiya nəzarətinə verilir. Şəxsin iş yerini qoruması, evdən müəyyən saatlarda çıxmaması üçün GPS əsaslı elektron qolbaqlardan istifadə edilir. Həmçinin bir çox Avropa ölkəsində təqsirləndirlən şəxslərin cəzaları ictimai işlərlə kompensasiya edilir. Belə ki, məhkum dövlətə yük olmaq əvəzinə, xəstəxanalarda, qocalar evlərində və ya ekoloji layihələrdə ödənişsiz çalışdırılır.

Bütün bunlar göstərir ki, inkişaf etmiş ölkələrdə də az ağır cinayətlər üçün həbs qətimkan tədbiri və azadlıqdan məhrumetmə cəzası son çarə kimi istifadə olunur. Bu, təkcə cəzaların humanistləşdirilməsi baxımdan deyil, həm də dövlətin üzərinə düşən maliyyə yükünü və cəzaçəkmə müəssisələrində, eləcə də istintaq təcridxanalarında sıxlığı azaltmaq üçün vacibdir. Həmçinin cinayət törətmiş şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə, onların davranışlarına nəzarəti və sosial reabilitasiyasını təmin etməyə çəkilən xərc cəzaçəkmə müəssisələrinin saxlanılmasına çəkilən xərclərdən dəfələrlə azdır. Bu da həbs olmayan qətimkan tədbirlərinin və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların tətbiqini zəruriləşdirir.