ABŞ-ın Nyu-York şəhərində Şuşanın işğaldan azad edilməsi münasibətilə avtomobil yürüşü təşkil edilib.
“Report”un xüsusi müxbiri xəbər verir ki, yüzlərlə həmvətənimiz Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilmiş avtomobillərlə Bruklindən yola düşüblər. Onlar ermənilərin sıx məskunlaşdığı ərazilərdə dayanıblar.
Nyu-Yorkun mərkəzi küçə və meydanlarında dövrə vuran həmvətənlərimiz ABŞ ictimaiyyətinin diqqətini çəkib. Onlar bayraqlarla və Azərbaycan musiqiləri ilə hərəkət edən avtomobillərin foto və videolarını çəkməklə yanaşı, aksiya iştirakçılarına yaxınlaşaraq məlumatlar alıblar.
Üzərində “Qarşıla bizi, Şuşa!”, “28 ilin həsrət adamları gəlir”, “Şuşa şəhəri işğaldan azad edildi - Prezident İlham Əliyev”, eyni zamanda Şuşa şəhəri haqqında ingilis dilində məlumatların yer aldığı rəqəmsal plakatların olduğu xüsusi maşın yürüş ərzində avtomobil karvanının önündə hərəkət edib.
ABŞ polisi yürüş ərzində avtomobil karvanını müşayiət edib. Yürüşün sonunda həmvətənlərimiz mərkəzi meydanlardan birində dayanıblar. Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna təşəkkürlərini dilə gətirən Azərbaycan icmasının aktivləri sonda musiqi sədaları ilə rəqs ediblər.
Vüsalə Abbasova