Laçınlı ailə: "Evin açarını və gətirdiyimiz torpağı yurdumuza qaytaracağıq"

Laçınlı ailə: "Evin açarını və gətirdiyimiz torpağı yurdumuza qaytaracağıq" "Report"un Qərb Mərkəzi Gəncə şəhərində müvəqqəti məskunlaşmış Laçından olan Nəsibovlar ailəsinin qonağı olub
Qarabağ
1634
4 Dekabr , 2020 11:49
Laçınlı ailə: Evin açarını və gətirdiyimiz torpağı yurdumuza qaytaracağıq

Laçın rayonu dekabrın 1-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib. Vətən torpağı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata uyğun qaytarılıb.

"Report"un Qərb Mərkəzi Gəncə şəhərində müvəqqəti məskunlaşmış Laçından olan Nəsibovlar ailəsinin qonağı olub, uzun illərdən sonra öz ata-baba yurdunun qaytarılması xəbərini eşidən ailənin sevinc hisslərinin şahidi olub.

Laçın rayonunun Qoşasu kənd sakini Bayram Nəsibov hər zaman öz ata-baba yurdlarına qayıdacaqları günün həsrətilə yaşadıqlarını bildirib: "Biz 1992-ci ildə ermənilərin təcavüzü nəticəsində Laçını tərk etmək məcburiyyətində qaldıq. Səfalı yer olan Laçını ermənilər Dağlıq Qarabağın qara qapısı adlandırırdılar. Şükürlər olsun ki, Laçın işğaldan azad olundu və biz yaxın vaxtlarda oraya qayıdaraq əvvəlkindən də yaxşı yaşayacağıq".

Onun həyat yoldaşı Lida Əsədova da Laçına qayıtmaq arzusundadır: "Gözəl evimiz, həyətimiz, yurdumuz, sərin bulaqlarımız, yaşıl meşələrimiz var idi. Mənfürrlar bizi öz torpaqlarımızdan didərgin saldı. Şükürlər olsun ki, torpaqlarımız azad edildi. Biz Laçına qayıdıb yenə öz əvvəlki həyatımıza davam etmək istəyirik. Biz Laçından çıxanda çox zülmə məruz qaldıq, ayaqyalın, başı açıq, heç bir şey götürmədən yurudumuz tərk etməyə məcbur olduq. Mən üçyaşlı oğlumun biləyinə gözmuncuğu bağlamışdım. Qorxdum ki, birdən erməni gələr həmin muncuğu almaq üçün oğlumun biləyini kəsər. Onlar çox vəhşi millətdir, gözümün önündə canlandırdım həmin mənzərəni və tez uşağımın biləyindəki gözmuncuğunu açdım. Yoldaşımın əmisi oğlundan hələ də xəbər yoxdur. Laçından çıxan zaman evimizin açarını və 1988-ci ildə Seyidlər kəndindəki qəbirdən götürüb saxladığım torpağı özümlə gətirmişəm. İnşallah Laçına qayıdıb bunları öz evimizə aparacam".

B.Nəsibovun bacısı Bəsti Nəsibova da Laçının qaytarılması xəbərini xoş qarşılayır: "Bu günə çox şükür ki, Laçınımıza qayıtmağa hazırlaşırıq. Gedək görək, yaxınlarımızın qəbirləri, evimizi tapa bilirikmi, yoxsa dağıdıblar? Biz çıxanda düşmən vaxt vermədi, yağışlı havada heç nə götürə bilmədik, çox əziyyət çəkdik. Amma ermənilərə vaxt verildi, hər şeylərini götürdülər, meşələrimizin ağaclarını kəsib apardılar, kəndlərimizi yandırıb viran qoydular. Biz onlarla yaşamaq istəmirik, onlar vəhşi millətdir, onlar bir çox yerlərimizdə daşı daş üstündə qoymayıb, qoy torpaqlarımızdan çıxıb getsinlər".

Ailənin 11 yaşlı qızı, Nəzrin Nəsibli də hər zaman baba və nənəsindən haqqında eşitdiyi kəndlərinə getməyi səbirsizliklə gözlədiyini söyləyib: "Mən valideynlərimlə kəndimizə gedib oralarla tanış olacam. Laçını bizə qaytardığı üçün prezidentimizlə fəxr edirik".

Son xəbərlər

Orphus sistemi