“Şuşa indi də “ruhlar şəhəri”ni xatırlatsa da, burada artıq həyatın nəfəsi hiss olunur”.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın "Moskovskiy Komsomolets" nəşrində dərc olunan məqalədə deyilir.
Beynəlxalq qrupun tərkibində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən “Moskovskiy Komsomolets”in müxbiri hazırda orada nələrin baş verdiyini öz gözləri ilə görüb.
Müəllif xatırladır ki, 1990-cı illərin əvvəllərində Şuşa “Birinci Qarabağ münaqişəsi zamanı ciddi zərər görüb, burada yaşayan minlərlə yerli sakin isə öz evlərini tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib”.
"Bu bölgədəki şəhərlər və kəndlər birinci müharibədən nəticəsində yerlə-yeksan olub. Şuşa indi də “ruhlar şəhəri”ni xatırlatsa da, burada insanlar yaşayır və artıq həyatın nəfəsi hiss olunur, tarixi Füzuli şəhəri isə xarabalığa çevrilib”, - müəllif təəssüratlarını bölüşür. “Yoldan gözəl köhnə binaların konturlarını görə bilərsiniz, lakin şəhərə daha yaxından baxmaq istəyi sizə həyatınız bahasına başa gələ bilər: burada yoldan kənara çıxmaq ölümlə nəticələnə bilər, çünki ətraf başdan-başa minalarla və onların basdırıldığına işarə edən nişanlarla doludur".
Politoloq Fuad Axundov deyir: “Bu, həmin o “Ohanyan səddi”dir. Burada minlərlə kvadrat kilometr sahədə tank əleyhinə minalar basdırılıb. Kəşfiyyat qrupları keçə bilməsin deyə ətraf əraziyə yüksək gərginlikli kabellə çəkilmişdi. Bu mina sahələri otuz ilə yaxındır təmizlənmir və bu, bizim üçün böyük problem yaradır. Biz bu mina sahələrinin xəritələrini əldə edə bilmirik və tapdığımız xəritələrdə isə dəqiqlik 10%-dən çox deyil. Biz buraya minatəmizləmə sahəsində ən yaxşı şirkətləri gətiririk, lakin bu, çox uzun və əziyyətli işdir. Hazırda minalanmış və xarabalıq içində olan ərazi 10.000 kvadrat kilometrdən çoxdur ki, bu da Livanın ərazisinə bərabərdir. Təsəvvür edin, burada yenidənqurma işləri aparmaq üçün nə qədər pul lazımdır. Bu, çox böyük maliyyə tələb edir...”
F.Axundovun sözlərinə görə, Qarabağ dirçələcək və insanlar burada yaşamağa qayıdacaqlar. Regiona böyük vəsait yatırılır, investorlar cəlb olunur. Zaman keçdikcə bura turizm bölgəsinə çevriləcək. Eyni zamanda, Qarabağ qara torpaqdır, burada kənd təsərrüfatı, bərpa olunan enerji inkişaf edəcək. Cəbrayılda böyük günəş elektrik stansiyaları tikiləcək. Bu, faktiki olaraq əsrin tikintisidir. Biz hava limanı tikmişik, oraya çarter reysləri ilə uçuşlar həyata keçirilir", - politoloq MK-ya bildirib.
MK-nın müxbiri məqalədə qeyd edir ki, zəngin tarixə malik, sovet dövründə rahat və gözəl şəhər olan Şuşa indi Pripyatı xatırladır: “Şəhər ötən əsrin 90-cı illərindən qismən bu vəziyyətdədir, 2020-ci ildə isə dağıntıların miqyası daha da artıb. Binalardan yalnız boş divarlar qalıb, bəzən oyuncaqlara, paltarlara, uşaq arabasına rast gəlinir. Bununla belə, şəhər ölməyib və fəal şəkildə bərpa olunur: hər yerdə fəhlələri, mühəndisləri, mütəxəssisləri görmək olar.
Məqalə müəllifi Azərbaycanın Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması və faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması tələbi ilə Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların aksiya keçirdiyi ərazidə də olub:
"Demək olar ki, Şuşanın girişində çadır şəhərciyi qurulmuşdu. Həmin gün dağda kəskin şaxtalı hava hökm sürürdü, fəallar yolda dayanıb, içərisində od qalanmış dəmir çəlləklərin ətrafında qızınırdılar. Burada Anar adlı ucaboylu, qədd-qamətli gənclə tanış olduq. O, aksiyaya sadəcə olaraq vətəndaş mövqeyini nümayiş etdirmək üçün gəlmədiyini deyib: “Ekoloqlarımızın, mütəxəssislərimizin yataqlarda monitorinq aparması barədə razılıq əldə olunmuşdu. Lakin bizi oralara buraxmadılar. O vaxtdan biz də bunu tələb edirik, çünki təbii sərvətlərin qeyri-qanuni istismarı ilk növbədə ona görə təhlükəlidir ki, bu zaman standartlara, qaydalara riayət olunmur. Nə qədər lazımdırsa, dayanacağıq, çünki bura bizim vətənimizdir”, - gənc deyib.
Digər iştirakçı Kamilə bildirib ki, aksiya 30 gündən artıqdır ki, davam edir. "Uzun müddətdir evə getmirəm, valideynlərim mənim üçün darıxır, videobağlantı ilə əlaqə saxlayırıq, lakin onlar fəaliyyətimə hörmətlə yanaşırlar. Xəbərlərdə deyirlər ki, guya biz ərzaq daşıyan avtomobillərin keçidinə mane oluruq, amma bu, belə deyil. Biz həm sülhməramlıları, həm də Qırmızı Xaç təşkilatının maşınlarını buraxırıq, onlara qarşı heç bir etirazımız yoxdur”, - o deyib.