Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero Ağdamın dirçəldilməsi, inkişafı və yenidənqurulması ilə bağlı həyata keçirilən layihələrlə tanış olmaqdan şaddır.
“Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, o, səfərin əvvəlində jurnalistlərə açıqlamasında dəvətə görə təşkilatçılara təşəkkürünü bildirib.
“Mən inkişaf və yenidənqurma ilə bağlı bütün layihələrlə tanış olmağı səbirsizliklə gözləyirəm”, - o vurğulayıb.
Onun sözlərinə görə, yolların kənarında bitən nar ağacları onda unudulmaz təəssürat yaradıb.
Xatırladaq ki, bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb. Heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbi nümayəndələr daxildir.
Səfərin əsas məqsədi Qarabağ iqtisadi rayonunun yol infrastrukturunun, o cümlədən Ağdam-Xankəndi yolunun və Bərdə-Ağdam dəmir yolunun potensialı ilə tanış olmaqdır.