“Xankəndinin sakinləri azərbaycanlılar olub, ora qayıdacağımıza inanırıq”.
Bunu “Report”a açıqlamasında Xankəndidən məcburi köçkün düşmüş Xatirə Vəliyeva deyib.
O bildirib ki, 1965-ci ildə Xankəndidə anadan olub, orada bağçaya və məktəbə gedib:
“1989-cu ilə qədər Xankəndidə 12 mindən çox azərbaycanlı yaşayırdı.1988-ci ildə ermənilərin Qarabağa olan iddiaları əvvəlcə Xankəndindən başlayıb və 1991-ci ilin dekabrına qədər davam edib. Heç yerdən köməyi olmayan Xankəndinin azərbaycanlı sakinləri erməni və onun havadarları ilə təkbaşına, qəhrəmancasına vuruşdular. Lakin, silahsız əhali məcburən 1991-ci ilin sonunda doğma yurdlarını tərk ediblər.
Münaqişədən öncə oradakı əhalimizin yaşayış səviyyəsi və təhsili yüksək səviyyədə olub. Ermənilər tərəfindən təzyiqlərə baxmayaraq bizim evlərimizi tərk etmək, şəhərdən köçmək istəyimiz olmayıb. Məcburən Xankəndinin ətraf rayonlarına köç edib və geri dönmək ümidi ilə 3-4 dəfə məcburi köçkün həyatı yaşamışıq”.
X.Vəliyeva qeyd edib ki, hazırda 16 mindən çox Xankəndi sakini Azərbaycanın 41 rayonunda məskunlaşıb və hər an doğma yurdlarına qayıtmağa hazırdırlar:
“Xankəndidə erməni əhalisi yaşamayıb. Oranın ilk sakinləri azərbaycanlılar olub. Qarabağ xanlığını zorla Rusiya İmperiyasına birləşdirən 1813-cü ildə imzalanan Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Xankəndində heç bir erməni və rus ailəsi yaşamayıb. Ancaq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi. Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri yaşayış məskənini “qərargah” adlandırsalar da, 1847-ci il çar Rusiyası xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilirdi və çar ordusunun hərbi hissələrində, dövlət idarələrində işlə təmin edilirdilər.
Ancaq buna baxmayaraq şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq onlar Xankəndidə ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşırdı. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” qərar vermişdi. Həmin qərarla Xankəndi vilayətin mərkəzi elan olunmuşdu”.
Sakin vurğulayıb ki, Xankəndi , Qarabağ, Xan bağı, Qarqar çayının üzərindən keçərək Xankəndi-Şuşa yolunu birləşdirən Məhəmməd Ağa körpüsü kimi tarixi adlar həmin torpaqların kimə məxsus olduğunun sübutudur:
“Xankəndinin azərbaycanlı əhalisi bu gün öz yurdlarına qayıtmağa hazırdır. Biz hər zaman Xankəndinə qayıdacağımıza inanırıq”.