Latviyalı deputat: "Azərbaycan öz ərazisini azad etmək üçün əməliyyat aparır"

Latviyalı deputat: "Azərbaycan öz ərazisini azad etmək üçün əməliyyat aparır" “Latviyaya dost ölkə olan Azərbaycanın ərazisində döyüş əməliyyatların başlamasından çox narahatam. Artıq neçə gündür Azərbaycan hərbçiləri Ermənistan siyasi rəhbərliyinin növbəti hərbi təxribatına cavab olaraq 30 ilə yaxındır işğal olunmuş ərazilərini az
Qarabağ
9303
2 Oktyabr , 2020 18:50
Latviyalı deputat: Azərbaycan öz ərazisini azad etmək üçün əməliyyat aparır

“Latviyaya dost ölkə olan Azərbaycanın ərazisində döyüş əməliyyatlarının başlamasından çox narahatam. Artıq neçə gündür Azərbaycan hərbçiləri Ermənistan siyasi rəhbərliyinin növbəti hərbi təxribatına cavab olaraq 30 ilə yaxındır işğal olunmuş ərazilərini azad etmək və bununla da BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünü müdafiə hüququnu həyata keçirməklə əcnəbi hərbi qüvvələri öz ərazidən çıxarmaq, öz suveren ərazilərində ölkənin suveren hüquqlarını, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatını həyata keçirirlər”.

Bu fikirləri “Report”a açıqlamasında Latviya Seyminin üzvü, ölkənin ATƏT Parlament Assambleyasındakı nümayəndələrindən biri, deputat Romans Naudins bildirib.

Latviyalı deputat hələ 1990-cı illərin əvvəllərində Ermənistan hərbi birləşmələri tərəfindən keçmiş Dağlıq Qarabağ muxtar vilayətilə yanaşı muxtariyyətin ərazisindən xeyli böyük olan ətraf əraziləri də, bütövlükdə Azərbaycanın 20 faizini işğal etdiklərini xatırladıb:

“Bu ərazilərdə aparılan etnik təmizləmələr nəticəsində didərgin salınmış bir milyona yaxın azərbaycanlı sonradan uzun müddət çadır düşərgələrində yaşamalı oldular. Bununla yanaşı, 1992-ci ilin fevral ayında Dağlıq Qarabağdakı Xocalı şəhərində əsl soyqırımı törədilib, bir gün ərzində milli mənsubiyyətə görə aralarında qadınlar, uşaqlar, yaşlılar olan 600-dən artıq azərbaycanlı qətlə yetirilib. Beynəlxalq hüquqa görə, qaçqın və məcburi köçkünə çevrilənlər öz evlərinə qayıtmaq, öz əmlaklarını qaytarmaq, yaxınlarının qəbirlərini ziyarət etmək hüququna malikdirlər. Bu ərazilərin qaytarılmasına dair Ermənistanla hələ 1990-cı illərin əvvəlindən ABŞ, Fransa, Rusiya sədrliyi ilə məxsusi yaradılmış ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılır”.

 Romans Naudins
Romans Naudins

Latviyalı deputat həmçinin 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamədə erməni silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələbinin qoyulduğunu da dilə gətirib: “Lakin beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan, BMT TŞ-nin qətnamələrini qulaqardına vuran Ermənistanın pozucu mövqeyi üzündən danışıqlar nəticəsiz qalır. Müəyyən dərəcədə iki ölkə arasındakı münasibətlərin korlanması üçün məsuliyyət beynəlxalq birliyin də üzərinə düşür. Belə ki, Avropa İttifaqı da Azərbaycanın suveren hüquqlarını, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü müdafiə etməklə çox qətiyyətsiz davranıb, atdığı addımlar yarımçıq və səmərəsiz olub. Fikrimcə, özgə torpaqlarını zor gücünə işğal siyasəti davam etdirilincə işğalçı Ermənistanın rəsmi şəxslərinə qarşı sanksiyalar tətbiq olunmalıdır. Çünki məhz cəzasızlıq üzündən Ermənistan rəhbərliyi yeritdikləri dağıdıcı və işğalçı siyasətin məntiqi davamı kimi son hərbi təxribata əl atıb. Avropa İttifaqının rəsmiləri də daha qətiyyətli mövqe tutaraq suveren dövlətlərin ərazi bütövlüyünü ön plana çıxartmalıdırlar. Azərbaycanla Ermənistan arasında müharibəni günü sabah da dayandırmaq olar. Bunun üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalı, bu ölkə ilə danışıqlar masasına əyləşməlidir”.

Son xəbərlər

Orphus sistemi