Azərbaycan üçün keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və Qarabağın məskunlaşdırılması ən vacib strateji vəzifədir.
“Report” xəbər verir ki, bu barədə Fransanın “L'Opinion” nəşrində dərc olunan məqalədə deyilir.
Müəllifin fikrincə, ölkənin təbii qaz və neftlə zəngin olmasına baxmayaraq, böyük qayıdış siyasəti irimiqyaslı investisiyalar tələb edir.
“Bunun üçün bizə Ermənistanla sülh lazımdır”, - Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov qeyd edib.
“Azərbaycan təxminən 30 il ərzində Ermənistanın işğalı altında olmuş torpaqlarını azad etdikdən sonra ərazi bütövlüyünü bərpa edib. Məhz bu, azərbaycanlıların Qarabağa böyük qayıdışıdır”, - məqalədə vurğulanıb.
Jurnalist paytaxt Bakıda olub, həmçinin Azərbaycanın azad edilmiş ərazilərinə səfər edib. Məqalənin əhəmiyyətli hissəsi Qafqaz “Hirosiması” adlandırılan Ağdam şəhərinin tarixinə həsr olunub: “1980-ci illərə qədər Ağdam Qarabağın dinamik inkişaf edən inzibati və ticarət mərkəzi olub. O zaman burada əsasən azərbaycanlılar olmaqla 37 min nəfər yaşayırdı. Amma Ermənistan 1993-cü ilin iyulunda bu şəhəri işğal etdi”.
Müəllif xatırladıb ki, Ağdam 2020-ci ilin noyabrında işğaldan azad edilib: “Lakin bu ərazilərdə minalardan təmizləmə işləri bu günə qədər davam edir”.
Ağdamın yenidən qurulmasına məsul olan Faiq Hacıyev Fransa nəşrinə bildirib ki, işğaldan azad edilmiş Qarabağın digər ərazilərində olduğu kimi Ağdamda da “ağıllı şəhər” konsepsiyası tətbiq olunacaq.
“Bu torpaqlarda aparılan bərpa işlərində iştirak etmək üçün Azərbaycanın ən böyük şirkətləri səfərbər olunub”, - məqalədə vurğulanıb.