Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell cümə axşamı 12 noyabr tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə telefon danışığı aparıb.
Bu barədə "Report"a Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Hər iki telefon danışığında ali nümayəndə, vitse-prezident döyüşlərin dayandırılmasının münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərin göstərilməsinə imkan verəcəyinə və insanların daha çox əziyyət çəkməsinə yol verməyəcəyinə ümid etdiyini bildirib. O, münaqişənin təsirinə məruz qalmış mülki əhalinin ehtiyaclarını ödəmək üçün Aİ-nin əlavə humanitar yardım göstərməyə hazır olduğunu və artıq 1 milyon avroya yaxın fövqəladə yardımın ayrıldığını vurğulayıb.
Vitse-prezident müvafiq olaraq hər iki xarici işlər naziri ilə Rusiyanın vasitəçiliyi ilə 9 noyabrda Ermənistan və Azərbaycan tərəfindən razılaşdırılan atəşkəs razılaşmasını müzakirə etdi. Josep Borrell hər şeydən əvvəl hər iki tərəfin atəşkəsə tam şəkildə hörmətlə yanaşıb onu həyata keçirməli olduğunu vurğulayıb. Bu əsasda münaqişənin danışıqlar yolu ilə hərtərəfli və davamlı olaraq həll edilməsi üçün bu, ilk addım ola bilər. Ali nümayəndə hər iki nazirə sülhün qurulması və barışığın vacibliyini, bu baxımdan da beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etməyin, mədəni irsin qorunmasının və yerli icmalar üçün onun dəyəri və əhəmiyyətinin vacibliyini vurğulayıb.
J.Borrell Aİ-nin ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərlik etdiyi formatı dəstəkləməyə davam edəcəyini vurğulayıb. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi və Aİ nümayəndəlikləri daxil olmaqla, Avropa İttifaqının və şəxsən özünün bütün Cənubi Qafqaz bölgəsində davamlı sülhə və ölkələrin firavan inkişafına aparan bu səylərə və razılaşmaların həyata keçirilməsinə töhfə verməyə hazır olduğunu təkrarlayıb.
Ali nümayəndə Aİ-Ermənistan Tərəfdaşlıq Şurası və Aİ-Azərbaycan Əməkdaşlıq Şurası ərəfəsində hər iki nazirlə əlaqə saxlayacağını səbirsizliklə gözlədiyini bildirib.