İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyətinin işğaldan azad edilən Ağdam şəhərinə səfəri başlayıb.
"Report"un xəbərinə görə, əvvəlcə nümayəndə heyəti rayon ərazisində aparılan minatəmizləmə işləri ilə tanış olub.
Onlar daha sonra Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baş çəkiblər.Pənahəli xanın məqbərəsi, Ağdam Cümə və Qiyaslı məscidləri, eyni zamanda şəhərdə dağıntılara məruz qalmış digər mədəni və sosial obyektlərlə bağlı yerində araşdırma aparılır.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohamed Abdulla Omair Alghfeli, sədrin müavini Açıkgül Hacı Ali, Komissiya katibliyinin direktoru Javed Saqlain, Komissiya katibliyinin icraçı direktoru Butt Marghoob Saleem işğaldan azad edilmiş, həmçinin Vətən Müharibəsi zamanı hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaqda yerləşən, mülki əhali və infrastrukturlara hədəflənmiş raket hücumları nəticəsində dağıdılmış ərazilərdə birgə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda rəsmi səfərdədirlər.