Hikmət Hacıyev: "Azərbaycan ərazilərinin işğalda saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcək"

Qarabağ
  • 31 avqust, 2018
  • 07:32
Hikmət Hacıyev: Azərbaycan ərazilərinin işğalda saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcək
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
Report

Bakı. 31 avqust. REPORT.AZ/ "Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Qubadlı rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O vurğulayıb ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər: "Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır".