Həmsədrlər: “Ərazilərin minalardan təmizlənməsi üçün məlumatların mübadiləsi vacibdir”

Həmsədrlər: “Ərazilərin minalardan təmizlənməsi üçün məlumatların mübadiləsi vacibdir” ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar
Qarabağ
148
13 Aprel , 2021 23:23
Həmsədrlər: “Ərazilərin minalardan təmizlənməsi üçün məlumatların mübadiləsi vacibdir”

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) bəyanat yayıblar.

Bu barədə “Report” ATƏT-in rəsmi saytına istinadən xəbər verir.

Bəyanatda qeyd olunub ki, həmsədrlər atəşkəsin gücləndirilməsi istiqamətində atılan bütün addımları məmnunluqla qarşılayırlar və tərəflər arasında (Azərbaycan və Ermənistan – Red) 10 noyabr 2020-ci il tarixində əldə edilən üçtərəfli atəşkəs bəyanatının icrasını yaxından izləyirlər. Həmsədrlər həmçinin, münaqişə nəticəsində köçkün düşənlərin yenidən məskunlaşması, habelə bölgədə nəqliyyat və rabitə xətlərinin blokdan çıxarılmasına yönəlmiş konstruktiv müzakirələrlə bağlı davam edən irəliləyişləri alqışlayırlar.

Bildirilib ki, qarşılıqlı etimad mühiti yaratmaq üçün ərazilərin təsirli minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi vacibdir.

Həmsədrlər, bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını da vurğulayıblar.

Qeyd edək ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə hələ də təqdim etməyib. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək, işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub, 85 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi