"Pakistan 2020-ci ildə baş vermiş ədalətli Vətən müharibəsində Azərbaycana dəstək verən ölkələrdən biri olmaqdan qürur duyur".
Bunu "Report"a Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun (GSISD) təsisçi-direktoru Kayser Nəvab bildirib.
"Vətən müharibəsinin başlanmasının ildönümü günü çox əlamətdar tarixdir. Uzun müddət biz Ermənistanın beynəlxalq hüquq normalarını, BMT-nin müharibə və sülhə dair qətnamələrini necə pozduğunun şahidi olurduq. Ermənistan Azərbaycan şəhərlərini atəşə tutmaqla mülki əhalini - qadınları, qocaları və uşaqları hədəfə alırdı”, - o bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda Ermənistan Azərbaycan-Ermənistan sərhədində yenidən təxribat törədib və bununla da beynəlxalq hüququn norma və prinsiplərini növbəti dəfə kobud şəkildə pozub: "Ermənistanın bu cür davranışı yeni hal deyil".
K.Navab beynəlxalq ictimaiyyəti Ermənistanın bu cür təxribatlarına və təcavüzünə daha fəal reaksiya verməyə çağırıb.
Xatırladaq ki, bu gün Vətən müharibəsinin başlamasından iki il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.
Bu gün Azərbaycanda Vətən müharibəsində həlak olmuş şəhidlərin Anım Günü kimi qeyd olunur.