Ədliyyə Nazirliyində qələbəyə həsr olunan kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyində qələbəyə həsr olunan kollegiya iclası keçirilib Ədliyyə Nazirliyində videokonfrans formatında kollegiya iclası keçirilib.
Qarabağ
15 Dekabr , 2020 19:36
Ədliyyə Nazirliyində qələbəyə həsr olunan kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyində videokonfrans formatında kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın şanlı Qələbəsi münasibətilə kollektivi təbrik edib, dövlət başçısının döyüş meydanında və siyasi müstəvidə Ermənistanı ağır məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməklə ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdiyini vurğulayıb.

Bildirib ki, ölkəmizin hərbi-siyasi uğuru, müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı və canı bahasına xalqımız 30 il həsrətində olduğu doğma torpaqlarına qovuşub, ərazi bütövlüyümüz bərpa edilib. Bu münasibətlə dövlət başçısının və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş Zəfər paradı ölkəmizin hərbi, iqtisadi qüdrətini, ordumuzun gücünü və xalqımızın qələbə əzmini, eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bütün dünyaya bir daha nümayiş etdirib.

Paradda 3 000 nəfərdən artıq şəxsi heyətin, 150-dək müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin nümayişi böyük maraq və qürur hissi ilə qarşılanıb.

Nazir bu şərəfli dönəmdə dövlət başçısının qəti iradəsi və diplomatik məharəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızın ədalətli mübarizəsi naminə vətənpərvər çağırışları ilə Ermənistanın təcavüzkar siyasəti və törətdiyi müharibə cinayətləri barədə beynəlxalq ictimaiyyətin hərtərəfli və dolğun məlumatlandırıldığını, düşmənin informasiya məkanında yalan təbliğatının tam ifşa olunduğunu qeyd edib.

Müharibənin artıq arxada qaldığı, azad olunan ərazilərin bərpa olunması ilə bağlı ölkə Prezidentinin rəhbərliyi ilə nəhəng quruculuq işlərinin, o cümlədən Şuşaya və digər azad olmuş ərazilərə yol çəkilişlərinin, həmçinin Birinci vitse-prezidentin təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən dini abidə və məscidlərimizin bərpası üzrə layihə həyata keçirildiyi bildirilib. Cənab Prezidentin və birinci xanımın işğaldan azad olunan torpaqlarımıza səfərinin xalqımızın öz dədə-baba yurdlarına qayıdışının təntənəsi olduğu vurğulanıb.

Həmçinin bu ərəfədə əsir və girovların, o cümlədən uzun müddətdir erməni girovluğunda saxlanılan Şahbaz QuliyevDilqəm Əsgərovun qaytarılmasının beynəlxalq humanitar hüquq normalarına və humanizm prinsiplərinə sadiq qalan ölkəmizin növbəti uğuru olduğu bildirilib.

Kollegiyada Vətən müharibəsində Ədliyyə Nazirliyinin fəaliyyəti, əməkdaşların döyüşlərdə, o cümlədən könüllü fədakar xidmətləri, ordumuza, yaralananlara və şəhid ailələrinə maddi, mənəvi və tibbi dəstəyin göstərilməsi, xarici dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların 400-ə yaxın müraciətlər göndərilməklə Ermənistanın işğalçılığı, müharibə və insanlıq əleyhinə cinayətləri ilə bağlı məlumatlandırılması, daim yenilənən və interaktiv fəaliyyət göstərən, minlərlə istifadəçinin yararlandığı "Qarabağ Azərbaycandır!" üç dilli elektron məlumat platformasının ölkəmizin ədalətli mövqeyinin təbliği və geniş yayılmasında əhəmiyyəti qeyd olunub.

Azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı ölkə Prezidentinin 24.11.2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı çərçivəsində nazirlik tərəfindən görülən işlər, habelə yeni yaradılmış Qarabağ regional ədliyyə idarəsinin fəaliyyətinin təşkili üzrə tədbirlər diqqətə çatdırılıb. Post-konflikt dövründə ədliyyə orqanlarının qarşısında duran vəzifələr müzakirə olunaraq fəaliyyətin Əlaqələndirmə Qərargahı ilə koordinasiyada qurulması, müvəqqəti xüsusi idarəetməni həyata keçirən komendantlıqlarla əlaqəli fəaliyyətin genişləndirilməsi, törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlər barədə təhlillərin aparılması, hüquqi məsuliyyət tədbirlərinin müəyyən edilməsi, bu işə yerli və xarici QHT-lərin cəlb olunması tapşırılıb.

Həmçinin işğal nəticəsində ərazilərimizə, o cümlədən ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi, onların fəaliyyətinin bərpası, müvafiq məhkəmələrin yaradılması ilə bağlı nazirliyin vəzifələri və digər konkret tədbirlər müəyyən edilib.

İclasda qeydiyyat məsələlərinə baxılıb. Gələcək Azərbaycan Partiyasının müraciəti əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu nazirlikdə öyrənilərək Kollegiyada partiyanın, habelə bir sıra qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi