Azərbaycanın erməni işğalından azad olunan torpaqlarında minatəmizləmə əməliyyatları davam etdirilir.
“Report”un çəkiliş qrupu Zəngilan və Qubadlı rayonlarına səfər edib və oradakı minatəmizləmə proseslərini izləyib.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri deyiblər ki, indiyədək hər iki rayonda 7 milyon 130 min kvadratmetrdən çox ərazi minalardan təmizlənib.
Agentliyin supervayzeri Anar Vəliyevin sözlərinə görə, təkcə Zəngilanın Birinci Ağalı və İkinci Ağalı kəndlərində 76 hektar ərazi minalardan tam azad olunub.
ANAMA-ın digər supervayzeri Cəlaləddin Əliyev isə qeyd edib ki, Qubadlının Xanlıq kəndi ərazisində minatəmizləmə işlərinin 50 faizə qədəri yekunlaşıb. Hazırda ANAMA-nın 5 qrupdan ibarət əməkdaşları ərazidə əməliyyat aparırlar.
Minaxtaran İlqar Bünyadov deyir ki, artıq 26 gündür burada minatəmizləmə prosesində fəaliyyət göstərir. Onun sözlərinə görə, daha çox minaatan mərmilərinə rast gəlinir.
Qeyd edək ki, 1 gün ərzində Zəngilan və Qubadlıdan tapılan 63 ədəd partlamamış hərbi sursat və mina ANAMA əməkdaşları tərəfindən partlayış yolu ilə zərərsizləşdirilib.
Adıçəkilən rayonlarda minatəmizləmə əməliyyatlarından videoreportajı təqdim edirik.
Video: Mircavid Eminoğlu
Montaj: Məhəmməd Ağayev