BQXK-nın daha üç avtomobili Xankəndi-Laçın yolunda maneəsiz şəkildə hərəkət edib

BQXK-nın daha üç avtomobili Xankəndi-Laçın yolunda maneəsiz şəkildə hərəkət edib Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Qarabağ
25 Dekabr , 2022 13:28
BQXK-nın daha üç avtomobili Xankəndi-Laçın yolunda maneəsiz şəkildə hərəkət edib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

Belə ki, ümumilikdə üç avtomobil ərazidən keçid edib. Yük maşınında qida (uşaq qidası) və tibbi ləvazimatlar daşınıldığı ehtimal edilir. Yük Xankəndi xəstəxanasına çatdırılacaq. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Qeyd edək ki, bu gün səhər saatlarında BQXK-ya məxsus avtomobillərin müşayiəti ilə Xankəndindən Ermənistana müalicə üçün 2 xəstə aparılıb.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 14 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi