12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər Qarabağa gəlib

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər Qarabağa gəlib Böyük Britaniyada yaradılmış və 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.
Qarabağ
4 Fevral , 2023 09:59
 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər Qarabağa gəlib

Böyük Britaniyada yaradılmış və 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Səyyahlar artıq Azərbaycanın Xocavənd rayonundakı Azıx mağarasındadırlar.

“Report”un məlumatına görə, qrupa tanınmış azərbaycanlı səyyah Mehrac Mahmudov bələdçilik edir.

30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir.

Səyahətçilər qrupu fevralın 4-6-da azad edilmiş ərazilərdə səfərdə olacaq. Heyət üzvləri 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.

Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyahətçilərin qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Bu səfərlər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

Son xəbərlər

Orphus sistemi