Biləsuvarda Vətən müharibəsi şəhidləri Fariz Hüseynlinin və Osman Bayramovun xatirəsi ehtiramla anılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, şəhid Fariz Hüseynlinin xatirəsi Əsgərabad kəndind, şəhid Osman Bayramovun xatirəsi isə Ağalıkənd kəndində ehtiramla anılıb.
Qəhrəman şəhidlərimizin anım mərasimlərində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon sakinləri iştirak edib. Mərasim iştirakçıları şəhidlərin ata ocağını ziyarət edərək onların valideynləri ilə görüşüblər. Tədbir zamanı qəhrəman şəhidlərimizin hər birinin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı olub.
Fariz Hüseynli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Tərtər rayonu Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. O, 4 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əsgərabad kənd qəbiristanlığında dəfn olunub.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Fariz Hüseynli ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Qeyd edək ki, Fariz Dadaş oğlu Hüseynli 10 noyabr 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub ailəli idi, 2 övladı var.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Osman Bayramov 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində iştirak edib. O, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulduğu Ağalıkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Osman Bayramov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “İgidliyə görə” medalları ilə təltif edilib.
Osman Zeyqəm oğlu Bayramov 13 fevral 1987-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub, ailəli idi, iki qız övladı var.