Biləsuvarda şəhid xatirəsinə bulağın açılışı olub 

Biləsuvarda şəhid xatirəsinə bulağın açılışı olub  Bulaq şəhidin ailəsi, döyüş yoldaşları və kəndin sakinləri tərəfindən tikilib
Qarabağ
26 Aprel , 2021 19:29
Biləsuvarda şəhid xatirəsinə bulağın açılışı olub 

Biləsuvar rayonunun Aşağı Cürəli kəndində Vətən müharibəsi şəhidi, pilot baş leytenant Xalid Həsən oğlu Gözəlovun xatirəsinə inşa edilmiş bulağın açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bulaq şəhidin ailəsi, döyüş yoldaşları və kəndin sakinləri tərəfindən tikilib.

Açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin əməkdaşları, kənd sakinləri, Aşağı Cürəli kənd tam orta məktəbinin şagirdləri və şəhidin doğmaları iştirak ediblər.

Qeyd edək ki, X.Gözəlov 4 noyabr 1996-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2002-ci ildə Zaqatala şəhərində Ş.Qurbanov adına tam orta məktəbin 1-ci sinfinə getsə də, məktəbi doğulduğu kəndin orta məktəbində bitirib.

2012-2016-ci illərdə Dövlət Sərhəd Xidmətinin Akademiyasının Aviasiya fakültəsi üzrə təhsil alıb.

2016-ci ildən Dövlət Sərhəd Xidmətində baş leytenant hərbi rütbəsində pilot kimi xidmətə başlayıb. X.Gözəlov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində iştirak edib, xüsusi rəşadət göstərərək qəhrəmancasına şəhid olub.

X.Gözəlov 28 sentyabr 2020-ci ildə Bakı şəhərində II Fəxri xiyabanda dəfn edilib.

Şəhid baş leytenant Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Qubadlının azad olunmasına görə medalı" ilə təltif edilib.

Şəhidimiz nişanlı idi.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi