İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü ərəfəsində 26 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri başlayıb.
“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar ilk öncə Füzuli şəhərində olublar.
Beynəlxalq nümayəndə heyəti bu ərazidə Ermənistanın işğal zamanı törətdiyi vandalizm aktları, azad edilmiş ərazilərdə aparılan bərpa işləri ilə tanış olub, daha sonra Türk dünyasının mədəniyyət paytaxtı elan olunan - Şuşa şəhərinə gəliblər.
Məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.
Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər edəcəklər.
Xatırladaq ki, son 2 ildə ETIC, MTP, TCC, “NomadMania”, “Türk Gezginler Klubu” və digər beynəlxalq səyahətçilərinin əsas şəbəkələri olan nümayəndə heyətlərinin genişləndirilmiş tərkibində Qarabağa və Şərqi Zəngəzura 8 səfər təşkil olunub.
Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “Black tourism” çərçivəsində tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi üçün mühüm əhəmiyyət kəsb edir.