"Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanın Qarabağ bölgəsindəki durumu siyasiləşdirməyə çalışır".
Bunu "Report"a açıqlamasında politoloq, BDU-nun müəllimi Sultan Zahidov deyib.
O bildirib ki, bu, BQXK-nin təməl prinsiplərinə ziddir: "Məsələ ondan ibarətdir ki, yardımı sözügedən qurumun Rusiya bürosu göstərir. Ola bilsin, bu, Qərbin xoşuna gəlmir. Çünki bundan əvvəl Rusiya Afrikaya da humanitar yardım göndərəcəyini demişdi. Beləliklə, Moskva həm də öz maraqlarını təmin etməyə çalışır. Qərb isə buna mane olmağa çalışır.
Görünür, BQXK bəzi Qərb dövlətlərinin təsirinə məruz qalıb. Beynəlxalq münasibətlərdəki realizm nəzəriyyəsinə görə, belə təşkilatlar heç də həmişə obyektiv davranmır, dünya dövlətlərinin diktəsi ilə addım atırlar. Biz indi də bunu görürük".
Ekspertin sözlərinə, BQXK əvvəllər də Azərbaycana qarşı qərəzli olub: "Təşkilatın Qarabağdakı ofisi dəfələrlə rəsmi Bakı ilə bağlı qeyri-obyektiv bəyanatlar verib. BQXK Qarabağda bir neçə dəfə qaçaqmalçılıqla məşğul olub. Bütün bunlar təşkilatı gözdən salır".
S.Zahidovun sözlərinə görə, indi BQXK çıxılmaz vəziyyətdə qalıb: "Dünən ərzaqların daşınmasına razılıq verilmişdi. Bu gün isə məlum olur ki, yük maşını Bərdədə dayanıb. Görünür, bəzi mübahisəli məsələlər var.
BQXK bir tərəfdən Qarabağda ərzaq böhranının yarandığını deyir, digər tərəfdənsə ərzaq yüklərinin daşınmasına mane olur. İkinci tərəfdən, humanitar böhran iddiasina rəğmən, Qızıl Aypara Cəmiyyətinin yükləri də Xankəndiyə buraxılmır. Bu, göstərir ki, bəzi güclər məsələni siyasiləşdirməyə çalışır.
Hazırda danışıqlar gedir. BQXK-nin ərzaq dolu yüklərinin Xankəndiyə çatdırılması ehtimalı böyükdür. Əks halda bu, qurumun nüfuzuna zərbə olacaq. İndiki halda BQXK Qərbin təzyiqlərinə boyun əyməməli, əksinə, sinə gərməlidir".
Qeyd edək ki, Bərdədə eyniadlı otelin yanında Rusiya Qızıl Xaçının ərzaq maşını dayanıb. Bu maşın Ağdam-Xankəndi yolu ilə Xankəndinə hərəkət etməli olduğu halda, hələ də hərəkət etmir. Ermənistan və BQXK ərzaqların daşınmasına mane olmağa çalışır. Bu isə BQXK-nin sözlərinin səmimiliyini ciddi şübhə altına qoyur.