“Bəzi dövlətlər Gəncədəki terrorla bağlı susub”.
“Report”xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Gəncəyə raket zərbələrinin endirilməsinin ikinci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc şəhərlərinə raket zərbələri nəticəsində 47 milyon manatdan çox maddi ziyan dəyib: "Ermənilərin Azərbaycanın mülki sakinlərini atəşə tutması faktları üzrə cinayət işlərinin istintaqı davam edir".
O bildirib ki, 2020-ci ilin oktyabrında Gəncəyə 5 raket hücumu zamanı 26 nəfər həlak olub və onlardan biri Rusiya vətəndaşıdır: “Gəncənin mülki əhalisinə hücumla bağlı bütün materiallar toplanıb. “Human Rights Watch” təşkilatı Gəncəyə və münaqişə zonasında olmayan digər şəhərlərə edilən hücumdan da bəhs edib. Bundan başqa, Amnesty İnternational və bir sıra digər beynəlxalq təşkilatlar tərəfindən də bəyanatlar verilib. Təəssüf ki, bəzi ölkələr baş verənlərlə bağlı susublar”.
E.Məmmədov əlavə edib ki, Azərbaycan iki dəfə Beynəlxalq Məhkəməyə müraciət edib və məhkəməyə Azərbaycanın dinc şəhərlərinin ermənilər tərəfindən atəşə tutulması ilə bağlı bütün fakt və sübutlar təqdim olunub.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından iki il ötür. 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.
Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.
Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.