Azərbaycanın NATO PA-dakı deputatları Ermənistanı işğal siyasətinə son qoymağa çağırıblar

Azərbaycanın NATO PA-dakı deputatları Ermənistanı işğal siyasətinə son qoymağa çağırıblar Tbilisi. 25 aprel. REPORT.AZ/ NATO Parlament Assambleyasının (NATO PA) Batumidə keçirilən 97-ci “Rouz-Rout” seminarı aprelin 25-də işini davam etdirib.
Qarabağ
25 Aprel , 2018 11:44
Azərbaycanın NATO PA-dakı deputatları Ermənistanı işğal siyasətinə son qoymağa çağırıblar

Tbilisi. 25 aprel. REPORT.AZ/ NATO Parlament Assambleyasının (NATO PA) Batumidə keçirilən 97-ci “Rouz-Rout” seminarı aprelin 25-də işini davam etdirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bugünkü sessiyada Cənubi Qafqazda davam edən münaqişələr və onların yaratdığı təhlükələr diqqət mərkəzində olub.

Ermənistandan olan QHT nümayəndəsi Benyamin Poqasyan Dağlıq Qarabağ münaqişəsi barədə danışıb, problemin həlli ilə bağlı kompromisə getməyin vacibliyini vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək əvvəlcə münaqişənin tarixinə, baş vermə səbəblərinə nəzər salıb. O bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Hazırda işğal altında olan həmin ərazilərdə narkotiklər yetişdirilir, terrorçular hazırlanır: “Təəssüf ki, bu gün işğala məruz qalanla işğalçıya fərq qoyulmur. Lakin işğala məruz qalandan kompromis tələb olunur. Bu mümkünsüzdür, ilk növbədə işğala son qoyulmalı, işğalçıya qarşı tədbirlər görülməlidir. Bütün beynəlxalq təşkilatlar işğalçıdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb etməlidir”.

Deputat bildirib ki, Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad edə bilər. Lakin yenə də problemin həlli üçün sülh yoluna üstünlük verir.

Bəzi çıxışlarda Dağlıq Qarabağ münaqişənin dondurulmuş münaqişə adlandırılmasına etiraz edən M.İbrahimqızı 2016-ci ilin aprel hadisələrini xatırladıb, bu cür hadisələrin təkrarlanmaması üçün Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, Azərbaycan torpaqlarını BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında qeyd-şərtsiz azad etməyə çağırıb.

Milli Məclisin deputatı Kamran Babayev isə bildirib ki, Azərbaycan sülhsevər ölkədir və hər zaman kompromisə hazırdır. Lakin ilk növbədə Azərbaycanın işğal altında olan əraziləri azad olunmalıdır. Azərbaycan yalnız bundan sonra kompromisə gedə bilər.

Son xəbərlər

Orphus sistemi