Azərbaycan XİN-dən Qarabağdakı qondarma “seçkilər”lə bağlı açıqlama

Azərbaycan XİN-dən Qarabağdakı qondarma “seçkilər”lə bağlı açıqlama Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Report XİN sözçüsünə ünvanlanan sualı və onun cavabını təqdim edir:
Qarabağ
2 Aprel , 2020 11:26
Azərbaycan XİN-dən Qarabağdakı qondarma “seçkilər”lə bağlı açıqlama

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. "Report" XİN sözçüsünə ünvanlanan sualı və onun cavabını təqdim edir:

- Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma “seçkilər”lə bağlı Ermənistan XİN-in bəyanatını necə şərh edərdiniz?

- Ölkəmizin işğal olunmuş ərazilərində qondarma “seçkilərin” keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi öz mövqeyini ifadə edib. Bu məsələ ilə bağlı təcavüzkar ölkə olan Ermənistan XİN-in bəyanatı ilə tanış olarkən istər-istəməz, qəhrəmanı öz xəyal və təxəyyül dünyasına düşən “Alisa Güzgü arxasında” nağılı yada düşür. Reallıqda isə həqiqət tamamilə fərqlidir və beynəlxalq ictimaiyyətə yaxşı bəllidir.

Bu ilin 31 mart tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan Respublikası tərəfindən təşkil edilmiş qanunsuz “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi və rədd edildi.

Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalının davam etdiyi, eləcə də etnik təmizləmə nəticəsində yüz minlərlə azərbaycanlının öz doğma evlərindən zor gücünə didərgin salındığı, işğal olunmuş ərazilərin yerli azərbaycanlı əhalisinin fundamental insan hüquqlarının pozulduğu bir vəziyyətdə Ermənistan Respublikası tərəfindən təşkil olunan bu qanunsuz fəaliyyətə başqa cür münasibət ola da bilməz.

Seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq standartların, o cümlədən ATƏT-in tələblərinə uyğun olaraq, hər hansı ölkədə keçirilən seçki həmin dövlətin Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq keçirilməlidir. Ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təşkil olunan qondarma “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını pozur və bu baxımdan hər hansı hüquqi qüvvəsi yoxdur.

Beynəlxalq və regional təşkilatlar, o cümlədən Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, GUAM, Türk Şurası, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri, çoxsaylı dövlətlər bu qondarma “seçkiləri” pisləyən və onların hər hansı hüquqi əsasının olmadığını vurğulayan bəyanatlarla çıxış etdilər. Bu təşkilatların və dövlətlərin hər birinə öz prinsipial mövqelərini bir daha ifadə etdiklərinə və Ermənistana “ərazilərin zor gücünə əldə edilməsi legitim ola bilməz; torpaqların işğalı beynəlxalq tanınma əldə etmək və ya hüquqi statusun dəyişdirilməsini qəbul etdirmək üçün istifadə oluna bilməz” ismarışını verdiyinə görə təşəkkür edirik.

Təəssüf ki, Ermənistan hələ də dərk etmir ki, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin hərbi işğalı onun arzu etdiyi siyasi nəticəni verməyəcək. Dağlıq Qarabağda uydurma “seçkiləri” təşkil etməklə və bu ximeraya öz büdcəsindən heç də az olmayan maliyyə sərf etməklə Ermənistan nə əldə etdi? Hələ də davam edən hərbi işğal və etnik təmizləmənin mövcudluğu şəraitində “demokratiya”dan dəm vurmaq insuniasiya və özünü aldatmaqdan başqa bir şey deyildir. Yeri gəlmişkən, Ermənistan XİN-in Dağlıq Qarabağdakı qondarma “seçkilərlə” bağlı ayrıca bəyanatla çıxış etməsi faktı bir daha, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirak etməsinə ehtiyac olmadığını sübut edir.

Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası ərazisində seçkilər ölkə Konstitusiyasına uyğun olaraq keçirilir və bu ali qanuna zidd olaraq təşkil edilən hər hansı akt legitim deyil və ola da bilməz.

Son xəbərlər

Orphus sistemi