Qarabağa səfər edən amerikalı jurnalist: "Ermənistanın basdırdığı minalar vəhşiliyin davam etdiyini göstərən acı reallıqdır"

Qarabağa səfər edən amerikalı jurnalist: "Ermənistanın basdırdığı minalar vəhşiliyin davam etdiyini göstərən acı reallıqdır" Qarabağ bölgəsində baş vermiş hadisələr bəşəriyyətə, insanlığa qarşı qəddarlıq və cinayətdir.
Qarabağ
8 Avqust , 2023 23:23
Qarabağa səfər edən amerikalı jurnalist: Ermənistanın basdırdığı minalar vəhşiliyin davam etdiyini göstərən acı reallıqdır

"Qarabağ bölgəsində baş vermiş hadisələr bəşəriyyətə, insanlığa qarşı qəddarlıq və cinayətdir. Ermənistanın bu bölgəyə basdırdığı minalar vəhşiliyin davam etdiyini göstərən acı reallıqdır".

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Azərbaycana səfərdən yenicə dönən amerikalı jurnalist, “Schirach Report” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Paolo fon Şirax Qarabağda gördükləri barədə öz təəssüratlarını bölüşüb.

P.Şirax Ermənistanın Azərbaycanın tarixi torpaqlarında törətdiyi terror və vandalizm aktlarından dəhşətə gəldiyini bildirib: “Bir qrup amerikalı jurnalistlə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yol boyu hərəkət edərkən tamamilə yerləyeksan olmuş kəndləri, yer üzündən silinmiş yaşayış məntəqələrini görmək həqiqətən dəhşətli idi. Sanki bu evlər min illər öncə tərk edilib, viran qalıblar. Sivilizasiyanın mərkəzi olan bu ərazilər indi xarabalıqlara bənzəyir. Bütün bunları etmək sadəcə qəddarlıqdır. Həmin ərazilərdən məcburi öz yurd-yuvalarını tərk edən insanlar həm də xatirələrini, arzularını, xəyallarını, bir sözlə, hər şeylərini itiriblər. Bilirsiniz, məhv etmək, dağıtmaq çox asandır. Yenidən qurmaq isə çox çətin və çox xərc tələb edir. Mən bir tərəfdə yerlə-bir olmuş şəhərlər, digər tərəfdən yenidən ucaldılan, həyat verilən yaşayış məntəqələrini gördüm. Azərbaycan hökumətinin və cəmiyyətinin genişmiqyaslı, uzunmüddətli yenidənqurma səyləri diqqətəlayiqdir. Yollarda qoyulan lövhələrdə yenidən inşa ediləcək yaşayış yerləri, məktəblər, xəstəxanalar və s. ilə bağlı məlumatlar yer alıb. “Kabus şəhərlər”in yenidən inşasını görmək, təbii ki, çox gözəl olardı”.

Amerikalı jurnalist İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşılaşdığı ən böyük problemlərdən biri olan mina təhlükəsi ilə bağlı bölgədə müşahidələri barəsində də söz açıb: “Hər gün bölgədə insanların və canlıların həyatına son qoyan yüzminlərlə mina, təəssüf ki, erməni işğalının dəhşətli mirasıdır. Azərbaycan rəsmilərindən aldığımız məlumata görə, Ermənistanın uzun illər nəzarətdə saxladığı ərazilərdə basdırdığı piyada və tank əleyhinə minalar əraziləri tamamilə zəhərləyib və məhv edib. Digər vacib məqam ondan ibarətdir ki, Ermənistan hökuməti 30 ildən çox işğal altında tutduqları ərazilərdə basdırdıqları minaların dəqiq yerini göstərən xəritələri bölüşməkdən imtina edir. Təəssüf ki, minaların ərazilərdən təmizlənməsi olduqca yüksək məvaciblər tələb edən və vaxt aparan prosesdir. Biz bölgədə səfərdə olarkən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) ekspertləri tərəfindən minaların partladılması prosesini izlədik. Təhlükəsizlik tədbirləri baxımından biz yüzlərlə metr aralıda dayanmışdıq. İki tank əleyhinə minanın partladılmasını izlədik və o prosesi izlədikdən, mina qurbanına çevrilməyin necə dəhşətli bir şey olduğunu gördükdən sonra hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Bu minalar olduqca güclüdür və bir minanın partlaması yaxında olan bütün canlıların yer üzündən silinməsi deməkdir. Əfsus ki, bölgədə çoxlu qəzalar olub və bu dəhşətdən bixəbər olan yüzlərlə günahsız insan minaya düşərək ya həyatlarını itirib, ya da ağır yaralanıb. Onu da öyrəndim ki, Ermənistan bu minaların gücünü daha da artırmaq üçün onları bir neçə mina ilə bərabər basdırıb. Belə bir minanın partladığını təsəvvür etmək belə məni dəhşətə gətirir. Bölgədə minaların yerini dəqiq göstərən xəritə olmadan hərəkət etmək olduqca təhlükəlidir və Azərbaycan rəsmiləri hər qarış toprağı zərrə-zərrə yoxlayaraq təmizləməyə çalışırlar. Görünən odur ki, Azərbaycanın bu sahədə artıq ixtisaslaşmış çox güclü komandası var. Onlar mənim bütün suallarıma aydınlıq gətirdilər və bildirdilər ki, çətin və riskli olan bu işdə onlardan heç biri həyatını itirməyib. Bu xəbər məni çox sevindirdi. Qarabağda Ermənistanın basdırdığı minalar müharibənin vəhşiliyinin hələ də davam etdiyini ortaya qoyan acı reallıqdır. Hərbi əməliyyatlar bitdi, ermənilər ərazini tərk etdi, ancaq onların minaları hələ də burdadır və bölgəni məhv etməkdə davam edir. Qarabağda Ermənistanın törətdiyi cinayəti təmizləmək uzun illər və böyük məbləğli vəsaitlər tələb edəcək. Bu prosesin daha ağrısız və asan keçməsi üçün dualarımız Azərbaycan xalqı və Azərbaycan hökuməti ilədir”.

P.Şirax bölgədə gördükləri barədə ABŞ-nin yerli mətbuatında qlobal problemlərlə bağlı tez-tez məruzəçisi olduğu televiziya və radio proqramlarında şərh edəcəyini deyib: “Amerikadan Azərbaycan və Ermənistan arasında davam edən konflikti və bölgədə cərəyan edən hadisələri xəbərlər vasitəsilə yaxından izləyən biri olaraq bölgədə vəziyyətin daha acınacaqlı olduğunu açıq şəkildə etiraf edə bilərəm. Azərbaycana gedib, bölgəni qarış-qarış gəzib və burada cərəyan edənləri yaxından görmək mənə fərqli bir pəncərə açdı. Artıq baş verənlərlə bağlı danışacaq və deyəcək daha çox şey olduğunu düşünürəm”.

Son xəbərlər

Orphus sistemi