Amerikalı alim qaziləri və müharibə əlillərini ölümə aparan yoldan danışıb

Amerikalı alim qaziləri və müharibə əlillərini ölümə aparan yoldan danışıb Son günlərdə Azərbaycanda qazilər və müharibə əlillərinin özünü öldürmə və zərər verməyə cəhd hadisələrinin sayının artması təəssüf doğurur. Araşdırmalar onu deməyə əsas verir ki, həmin veteranlar müharibədə aldıqları travmaların təsirindən bu kimi anorma
Qarabağ
14 İyul , 2022 02:56
Amerikalı alim qaziləri və müharibə əlillərini ölümə aparan yoldan danışıb

Son günlərdə Azərbaycanda qazilər və müharibə əlillərinin özünü öldürmə və zərər verməyə cəhd hadisələrinin sayının artması təəssüf doğurur. Araşdırmalar onu deməyə əsas verir ki, həmin veteranlar müharibədə aldıqları travmaların təsirindən bu kimi anormal davranışlar sərgiləməyə davam edirlər.

Qeyd edək ki, tarixin bütün dövrlərində müharibələrin yaşandığı ölkələrdə bu kimi hadisələrin bənzərinə rast gəlmək olar. Müharibə veteranlarının döyüşlərdə aldığı travmanın təsirindən zehni, emosional və mənəvi zədələrlə özünü büruzə verən sindromun diaqnozu ilk dəfə ABŞ-da qoyulub. Belə ki, 1964-1975-ci illərdə baş vermiş Vyetnam müharibəsindən sonra yüzlərlə müharibə vereranı intihar edib. Mütəxəsislər “Vyetnam sindromu” termini ilə baş verənlərinin görünməyən tərəflərini ortaya çıxarıblar. Məsələni elə yerində araşdırıb, bütün ömrünü posttravmatik stress pozuntusu (PTSD) sindromunun müayinə və müalicəsinə həsr etmiş amerikalı alimlə həmsöhbət olduq.

45 il posttravmatik stress pozuntusu halları ilə bağlı elmi araşdırmalar aparan və 350-dən çox nəşrin, o cümlədən 28 kitabın və monoqrafiyanın müəllifi olan, Amerika Psixiatriya Assosiasiyasının Ömürlük fəxri üzvü, ABŞ Veteranlarla İş Departamentinin Travma Sonrası Stress Pozuntusu Milli Mərkəzinin icraçı direktoru, Prof.Dr Metyu Fridman “Report”un yerli bürosuna müsahibəsində müharibə veteranlarını ölümə aparan yoldan və bu sahədə bilinən və bilinməyənlər danışıb.

Professor bildirib ki, o karyerasını posttravmatik stress pozuntusunun səbəblərini və müalicə üsullarını müəyyən etməyə və psixoloji vəziyyəti müharibə və digər sarsıdıcı təcrübələr nəticəsində zədələnmiş şəxslərin müdafiəsinə həsr edib.

Rəhbərlik etdiyi mərkəzin PTSD üzrə dünyanın aparıcı tədqiqat və təhsil mərkəzi olduğunu deyən professor əlavə edib ki, orada aparılan ciddi araşdırmalar və ABŞ-da veteranlara verilən xidmətlər nəticəsində bu problemdən əziyyət çəkən kütlənin sayında ciddi azalma müşahidə olunub.

M.Fridman müharibədən qayıdan veteranlarla təcrübə və müalicə prosedurlarını qələmə aldığı “Müharibə zonasından sonra - Geri qayıdan əsgərlər və onların ailələri üçün praktiki bələdçi" (“After the War Zone -A Practical Guide for Returning Troops and Their Families”) kitabının postmüharibə dövrünü yaşayan ölkələrdəki mütəxəsislər üçün vacib vəsait olduğunu dilə gətirib.

O, PTSD sindromunun əksər hallarda olduqca dəşhətli fəsadlarla özünü büruzə verdiyini və müalicə olunmadığı hallarda qurbanını ölümə məhkum etdiyini deyib: “İnsan beyninin travmaya məruz qalma riski bir növ olaraq təkamül etdiyimizdən bu yana həyatımızın bir hissəsi olub. Travmatik bir hadisədən sonra vaxt keçdikcə, zehninizin və bədəninizin sağaldığını və hərəkət etdiyini düşünmək təbiidir. Ancaq travma sonrası stress pozğunluğunun simptomları aylar və ya illər sonra ortaya çıxa bilər. Depressiya və ya qəzəb kimi görünə və hiss edilə bilsə də, PTSD fərqlidir. PTSD dəhşətli bir hadisə ilə başlayan, beyində və vücudda şiddətli narahatlığa səbəb olan psixi sağlamlıq vəziyyətidir. Travmaya məruz qalan beyin simptomlarla başlayıb bütün həyatı əlinə alır və travmatik hadisə ilə bağlı xatirələri sanki ilk dəfə baş verirmiş kimi yenidən yaşayırsınız. Qorxu günahkar və ya şübhəli hiss etməyə səbəb ola bilər. Bu duyğular fiziki olaraq titrəmə, baş ağrısı, ürək döyüntüsü və panik atak şəklində özünü göstərə bilər”.

Professor qazanılmış təcrübələr nəticəsində xəstəliyin müalicəsinin olduğunu deyib: “Yaxşı xəbər budur ki, effektiv müalicələr var. Bununla bağlı xüsusi dövlət proqramları tərtib olunmalı, döyüş bölgəsində travmaya məruz qalan döyüşçü və mülki şəxslərə diaqnoz qoymaq, onları müalicə etmək üçün müvafiq resurslar hazırlanmalıdır”.

Son xəbərlər

Orphus sistemi